Heç kimə sirr deyil ki, son illər Azərbaycan futbolunda ciddi qapıçı problemi var. Kamran Ağayevdən sonra, demək olar ki, milli səviyyəsində qapıçı hələ də gözə dəymir. Azərbaycana və Azərbaycan futboluna aidiyatı olmayan milliləşdirilmiş Şahruddin Məhəmmədəliyev millinin əsas qapıçısıdır. Təbii ki, bunların kökündə uşaq futbolunda mövcud problemlər dayanır. Çünki yaxşı qapıçı ilk növbədə klubların akademiyalarında yetişməlidir. "Sumqayıt" Futbol Akademiyasına son ziyarətimizdə elə bu məsələni işıqlandırmağı lazım bildik. Çünki Sumqayıt da futbol şəhəridi, vaxtı ilə buradan da güclü qapıçılar çıxıb. Hazırda vəziyyət necədir, "Sumqayıt" Futbol Akademiyasında qapıçılar necə hazırlanır? Biz akademiyanın məşqinə qədəm qoyanda azyaşlıların məşqi gedirdi. Böyük süni örtüklü meydançanın bir hissəsində U-9, digər hissəsində isə U-10 komandası məşq edir. Akademiyanın qapıçılar üzrə koordinatoru Elşən Poladovla, qapıçı məşqçi İsmayıl Kərimov isə bir kənarda 4 azyaşlı qapıçı ilə ciddi şəkildə məşq keçirdi. Məşqə mane olmamaq şərti ilə həm foto çəkiliş apardıq, həm də məşqçiləri danışdırdıq. İlk olaraq Poladovla həmsöhbət olub, akademiyada qapıçılarla bağlı son durumu, gələcək perspektivləri öyrəndik. Rekord.az-a açıqlamasında ötənlərin tanınmış əlcək sahibi bir çox məqamlara toxundu. Biz də onun fikirlərini ümumiləşdirilmiş formada sizə çatdırırıq: "Fərhad Vəliyevdən sonra Sumqayıt futbolundan milli komandaya qapıçı getməmişdi. Lakin 2019-20-ci il mövsümündən etibarən akademiyamızın qapıçıları milli komandalara dəvət almağa başlayıb. Hazırda 3 qapıçımız milli komandalara cəlb olunur. Xəyal Fəzrullayev U-19, Aftandil U-17 və Tunar Mehtiyev U-15 millisinə dəvət alırlar. Belə demək mümkünsə, artıq Sumqayət Futbol Məktəbində yeni qapıçı nəsli yetişməkdədir. Akademiyanın rəhbərliyi ilə də bu məsələ ilə bağlı söhbətimiz olub, qərara almışıq ki, 12 yaşdan etibarən qapıçılar hərəsi bir hissə bir hissə olmaqla oyunlarda oynamaq şansı qazansın. Həmçinin mən özüm də koordinator kimi işə başlayandan sonra belə təklif irəli sürdüm ki, yeni mövsümdən qapıçılarımızı digər klublara oyunlar üçün icarəyə verək. Yəni qapıçı bizə məxsus olacaq, bizimlə müqaviləsi olacaq, məşqləri bizdə edəcək, yalnız oyundan-oyuna şəhərin digər komandalarında icarə qaydasında gedib çıxış edəcək. Akademiyaya qapıçı qəbuluna gəlincə, adətən aşağı yaş qruplarında futbolçular amplualara bölünmür, amma biz qərara aldıq ki, 6-7-8 yaşlı qruplarda da heç olmasa bir nəfər qapıçılarla işləyən məşqçi olsun. Həmçinin aşağı yaş qrupunda olan B komandamıza da bir qapıçı-məşqçi cəlb etmişik. Seçimlər zamanı təbii ki, qapıçı üçün vacib olan müəyyən kriteriyaları əsas götürürük. Adətən uşaq yaşlarında sırf qapıçı olmaq üçün gələnlər az olur. Əksəriyyər sahə oyunçusu kimi akademiyaya gəlir. Sırf qapıçı olmaq niyyəti ilə gələnlərin də bəziləri adapdasiyanı çətin keçir. İstənilən halda baxırıq, yoxlayırıq, ən azı çalışırıq ki, aşağı yaşda olsa belə, qapıçılığa həvəsi varsa, ən azı ilkin texniki fəndləri ona öyrədək. Hazırda 2014 və 2015 təvəllüdlü 4 qapıçımız var, hansı ki, siz də onların məşq prosesini izlədiniz, onlar bu il seleksiya xarakterli məşqlərdən seçilib. Hər biri də sırf qapıçı olmaq üçün müraciət etmişdi. Təbii ki, fizioloji göstəricilərə də baxırıq, qapıçının boynunun uzunluğu, ayağının nazik olması da əsas götürülür".

 

Daha sonra İsmayıl müəllimlə də söhbətləşdik. Çünki qapıç yetişdirilməsi məsələsində bu şəxsi həqiqətən də böyük əziyyət çəkir və azyaşlı qapıçılarla daha çox ünsiyyətdə olur. Həmsöhbətimiz də gələcəyə nikbin baxır: "Mən özüm 2017-ci ildən "Sumqayıt" Futbol Akademiyasında qapıçılarla işləyən məşqçi kimi çalışıram. Keçən ilə kimi böyük yaş qrupları ilə işləyirdim, 12-14-15 yaş. Bu ildən isə belə məsləhət görüldü ki, aşağı yaş qrupları ilə işləyim. Özümün də təməl praktikam olduğundan belə qərar verildi. Hazırda U-9, U-10, U-11 və U-12 yaş qrupları ilə işləyirəm. İş prosesimizə gəlincə, təbii ki, hər şey seçimlərdən başlayır. Bu yaş qrupları elədir ki, ilk növbədə uşaq özü qapıçı olmağı istəməlidir. Kimisə məcbur etmək olmur ki, gəl, qapıda dur. Həm də bu yaş qruplarında qapıçı passiv mövqe sayılır, çox vaxt heç qapıçı tələb olunmur. Adətən qapıçı mövqeyi 12-13 yaşından aktuallaşır. 8-9 yaşında hansısa uşaqla bağlı da dəqiq proqnoz vermək olmaz ki, bundan yaxşı qapıçı olacaq. Bu məsələdə hər şeyi zaman özü həll edir. Biz isə məşqçi kimi üzərimizə düşəni edirik. Hazırda iki nəfər 2014, iki nəfər isə 2015 təvəllüdlü qapıçımız var. 2015-ci təvəllüdlü qapıçılar Əli və Rahiddi. 2014-cü il təvəllüdlü qapıçılar isə Turan və Ömər.  2015-ci il təvəllüdlü qapıçılarımız daha cəld, daha kreativdi. Amma 2014-cü il təvəllüdlü qapıçıların boyu daha uzundu. Yenə deyirəm, istənilən halda, bu yaşda qapıçılar haqda fikir bildirmək çətindi. 15-16 yaşında hansısa konkret fikir bildirmək olar. Uşaq qapıçıların hazırlığına gəlincə, ilk növbədə onların topu sevməsi çox önəmlidir. Təbii ki, əsas olaraq təməl texnikasına diqqət yetiririk. İlk növbədə topa necə uzanmaları önəmlidir. Topa düzgün uzanma, topu düzgün tutma çox vacibdi. Bu isə birdən-birə alınan məsələ deyil və zaman tələb edən prosesdi. Sistem necə qurulur? Koordinatorumuz Elşən müəllim (Poladov) bizə həftəlik proqram verir və işimizi həmin proqrama əsasən qururuq. Həftədə 3 dəfə məşqimiz olur. Bir həftəni texnikaya ayırırıq, digər həftəni digər fəndlərin öyrədilməsinə. Baxırıq, qapıçı yerdən gələn topları götürməyi tam mənsimsəyəndən sonra ona sıçrayışları öyrətməyə başlayırıq. Sıçrayış, yerindən təkan elə şeydir ki, bunu birdən-birə qapıçıya öyrətmək olmaz. Əli bizə gəldiyi ilk gündən deyiri ki, mənə sıçrayışı öyrədin. Əslində bunun özü də yaxşıdır ki, uşağın 8 yaşdan buna istəyi var. Amma yenə deyirəm, təməl texnika olaraq yerdən gələn topların götürülməsini öyrətmədən orta toplara, sıçrayışlara keçmək olmaz. Hər şey pillləli .şəkildə olmalıdır. Ən azı 1 il bu proses getməlidir. Onsuz bu yaş qrupunda nəticə tələb olunmadığı üçün biz də işimizi rahat görürürk. O ki qaldı perspektivə, bu yaşda olan uşaqlar haqda fikir bildirmək niyə çətindi? Çünki yaş artıqca digər amillər də önə çıxıb. Bizdə qapıçı olub ki, aşağı yaş qruplarında super dayanıb, amma 15-16 yaşdan sonra boyu çıxmayıb. Yaxud, qapıçı olub ki, 7-7-ə, 9-9-a əla dayanıb, standart ölçülü meydançaya keçib 11-11-ə dayanandan sonra o effekti ala bilməmişik. Amma hazırda yuxarı yaş qruplarımızda çıxış edən və sırf öz akademiyamızın yetirmələri olan Xəyal Feyzullayev, Ayxan Qocayev, İlkin Qocayev, Tunar Mehtiyev, Aftandil Arifov kimi qapıçılarımız var ki, onların gələcəyinə böyük ümidlə baxırıq".

 

Məşqçilərdən sonra "Sumqayıt" Futbol Akademiyasının direktoru Hakan Sünalın da sözügedən mövzu ilə bağlı fikirlərini öyrənməyti lazım bildik. Hər halda, Sünal uzun illər Almaniyada yaşayıb, Almaniya futbolunun içində olub, Almaniyada məşqçi kimi çalılşıb. Qapıçı yetişdirilməsində alman, Avropa modelinin Azərbaycanda tətbiqi məsələsində onun fikirləri də maraqlı gəldi: "Almaniyada hər yaş qrupunun ayrıca qapıçı-məşqçisi var və həmin məşqçi qapıçılarla fərdi olaraq çalışır. Oyunlar çəkilir, sonra qapıçıların oyunlarının video analizi aparılır, hər qapıçı ilə ayrıca söhbət aparılır. Amma bizdə 3-4 qapıçı-məşqçi bütün akademiyaya nəzarət edir. Uşaqların akademiyalara qəbul yaşları, qaydaları akademiyadan akademiyaya dəyişir. Məsələn, mən keçən il "Hoffenhaym"ın akademiyasında oldum, orada qapıçı qəbulu 12 yaşından başlayır. Onlarda 10 yaşından aşağı qruplarda qapıçı mövqeyinə fikir vermirlər. Ümumiyyətlə, uşaqlara sərbəstlik verirlər. Uşaq istəsə qapıda da dura bilər, oynaya da bilər. Ümumi Almaniyaya gəlincə, mənim oğlum bir kənd komandasında çıxış edir, oranın U-9 komandasında, onlarda bir qədər fərqlidir. Orada oyunlar 4 hissədən ibarət olur və hər hissədə qapıya bir qapıçı qoyurlar. Almaniyada 12 yaşa kimi qapıçı mövqeyinin ciddiyə alınmaması, uşaqlara sərbəstlik verilməsi həm də ona görədir ki, hamı ayaqla oynamağı bacarsın. Onlarda sistem belədir ki, qapıçı tək top tutmaqla kifayətlənməməlidir. Qapıçı həm də sonuncu müdafiəçi olmalıdır, oyunu başlamağı bacarmalıdır. Buna görə uşaq yaşlarından hamıya sərbəstlik verilir ki, kimsə 12 yaşından sonra qapıçı olmağa qərar versə belə, ayaqla oynamağı bacarsın. O ki qaldı qapıçı yetişdirilməsi ilə bağlı sistemin "Sumqayıt" Futbol Akademiyasında necə qurulmasına, bu ildən sırf aşağı yaş qruplarında qapıçılar üzrə koordinat işə qəbul elədik, təcrübəli Elşən Poladovdu. Bu ildən bu məsələlərə o cavabdehlik daşıyacaq. Akademiyaya uşaq qəbulundan tutmuş, onların yetişdirilməsinə qədər. Tək uşaq yox, elə qapıçı-məşqçi yetişdirilməsinə də nəzarət edəcək. Çünki qapıçılıq spesifik peşədir. Mən akademiyanın direktoru olsam da qapıçı mütəxəssisi deyiləm və hansısa qapıçıya o mövqe ilə bağlı səhv tutmağım düzgün çıxmaz. Bunun öz mütəxəssisi olmalıdır. Elşən həm də bu işləri görəcək, onun da öz sistemi, proqramı olacaq, qapıçı məşqçilərlə yəqin ki, öz iclacları da olacaq. Bu ildən onların da öz təlim-məşq proqramları olacaq. Eyni zamanda bütün qapıçıların çıxışlarının video təhlili də aparılacaq, hər qapıçının oyunu haqda onun özü ilə fərdi danışılacaq, çatışmayan cəhətəri özünə izah ediləcək. Bu yöndə işimizə davam edəcəyik, çalışacayıq ki, akademiyamızda yaxşı qapıçılar çıxsın. Onu da deyim ki, son illər milli komandalara ən çox qapıçı verən komandayıq. Demək olar ki, hər yaş qrupundan olan millilərdə bizim qapıçılarımız var. Gələcək planlarımızdan biri də Avropadan olan klublarla, mütəxəssislərlə əlaqə qurmaq, əməkdaşlıq etməkdir ki, buraya qapıçıları da əlaqə edəcəyik. Bir də niderlanddan olan çox təcrübəli bir tanıdığım mütəxəssis var, onu da bura dəvət etmək istəyirəm ki. gəlsin, kənardan bir mütəxəssis kimi baxıb, bizim akademiyanın işinə qiymət versin".