Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə cari ilin 16-17 aprel tarixlərində 15 yaşa qədər yeniyetmə cüdoçuların Sumqayıt şəhər birinciliyi keçiriləcək.

Rekord.az xəbər verir ki, “Şuşa İli”nə həsr olunmuş turnirə 300-dən çox idmançı qatılacaq və medallar uğrunda mübarizə aparacaq. Qeyd edək, yarışlarda 2008-2010-cu il təvəllüdlü idmançılar iştirak edəcəklər.

Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək yarışda ümumilikdə 20 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

ACF-nin əsas məqsədlərindən biri ölkəmizin bütün regionlarında cüdo idman növünü daha da populyarlaşdırmaq və kütləviləşdirmək ilə yeni istedadların kəşf edilməsi sistemini yaratmaq, həmçinin yeniyetmələr və gənclər arasında idman vasitəsi ilə sağlam həyat tərzinin təbliğ edilməsidir.