"Sumqayıtda voleybolun çox böyük potensialı və perspektivi var"
- 12 İyl 2024 12:00
- 1232
Son illər ölkə voleybolunda yenidən canlanma müşahidə olunmaqdadır. Sevindirici hal odur ki, bu canlanma tək Bakıda yox, bölgələrdə də hiss olunur. O cümlədən də Sumqayıtda. Sumqayıt Regional Voleybol Klubunun yaradılması, həmin komandanın həm qızlardan, həm də oğlanlardan ibarət komandalarının son ölkə çempionatında bürünc medal qazanması Sumqayıtda bu idman növünün perspektivindən xəbər verir. Düzdür, bürünc alanlar 16 yaşlı voleybolçular idi. Planda peşəkarlardan ibarət komandanın yaradılması da var. Hazırda da bununla bağlı işlər davam edir. Bu işlərdə böyük əməyi olan şəxslərdən biri də Dilqəm Qəhrəmanovdu. Bürünc qazanan komandaların baş məşqçisi də məhz Qəhrəmanov olub. Düzdür, sonradan çalışdığı klubla qalmaqal yaşayan təcrübəliu məşqçi Sumqayıt Regional Voleybol Klubundan ayrılmalı oldu. Lakin Sumqayıt voleybolunun inkişafı üçün fəaliyyətini davam etdirir. Elə Rekord.az olaraq da onu iş başında "yaxaladıq". Sumqayıtdakı 20 saylı məktəbin idman zalında seleksiya xarakterli məşqlərdə iştirak edən Dilqəm bəy məşqdən sonra fikirlərini və planlarını bizimlə bölüşdü:
"Deyim ki, Sumqayıtda voleybolun çox böyük potensialı və perspektivi var. Hazırda əsas komandalar istirahətdədir. Biz isə iş başındayıq və seleksiya xarakterli məşqlər aparıb uşaqlar seçirik. Seçimimizdə əsas meyar nədir, təbii ki, boy. Boy da elə şeydir ki, birbaşa genə bağlıdır. Biz də seçimimiz zamanı bunu əsas götürürük. İstər qız, istər oğlanlar arasında. Bəzən deyirlər voleybol boy uzadır filan, boş söhbətdi. Boy genlə gələn bir şeydi, voleybol sadəcə, təkan verir. Biz də uşaq seçəndə valideynləri hündür olan uşaqlara daha çox üstünlük veririk. Təbii ki, bir də fiziki göstəricilər. 8-9 yaşından artıq uşaqları komandamıza cəlb edirik. Əvvəl məşqlərimizi 27 saylı məktəbdə keçirdik. Hazırda bir müddət olar ki, 20 saylı məktəbin idman zalından istifadə edirik və burda şərait çox yaxşıdı. Bundan əlavə, buranın bir üstünlüyü də odur ki, saat 1-dən sonra idman dərsləri olmur və zal boş olur. Bu isə bizə daha çox qrupu burda yerləşdirməyə imkan verir. 1-3-5-ci günləri qızlara dörd məşqdi, 2-4-6 oğlanların məşqidi və iki məşqdi".
Həmsöhbətimiz top, forma və inventar məsələlərinin hazırda təmsil etdiyi Sumqayıt 1 saylı uşaq-gənclər idman məktəbinin rəhbərliyi tərəfindən həll edildiyinid edi: "Sağ olsun, Fuad müəllim Aslanov, bu baxımdan bacardığı dəstəyi bizdən əsirgəmiz. Zalda isə müqavilə əsasında məşq edirik. Təhsil nazirliyinə müraciət ünvanlanır, onlar da balanslarında olan uyğun məktəbin zalında məşq etməyimizə icazə verir".
Sumqayıt Regional Voleybol Klubundan ayrıldığı üçün yeni mövümə yeni komandalarla qatılmağı hədəfləyən Qəhrəmanov qarşıdakı planlarından da danışdı: "Hər şeyi demək olar ki, sıfırdan başlamışıq. Yeni mövsümdən istəyirik ki, çempionata iki qız və bir oğlan komandası ilə qatılaq. Bir qız və bir oğlan komandası 16 yaşlılardan ibarət olacaq. Qızlardan ibarət daha bir komandamız isə aşağı yaş qruplarından təşkil olunacaq: 2011-12-13 təvəllüdlü. Bu komanda daha çox təcrübə yığmaq üçün nəzərdə tutulub. Təbii ki, top və inventar dəstəyi üçün federasiyaya da müraciət olunacaq və ümid edirəm ki, müraciətimiz müsbət cavablandırılacaq. Çünki hazırda "Neftçi"dən başqa bütün komandalara federasiya dəstək göstərir".
Anar XANLAROV