Rekord.az xəbər verir ki, mövsümü 4-cü pillədə bitirməklə Avroliqaya vəsiqə qazanan “Sumqayıt”ın gələcəyi sual altındadır. Mövsüm başa çatan kimi aparıcı futbolçularını itirən “kimyaçılar” Tellur Mütəllimov və Elvin Məmmədovu heyətinə qatıb ki, buna güclənmək demək olmaz. Komandanın bu durumu rəhbərliyi də, məşqçilər heyətini də keçmişə baxıb barmağını dişləməyə məcbur edir. Ən əsas problem isə hücum xətti ilə bağlıdı. Təsəvvür edin, Avroliqaya gedəcək komandada bu gün düz-əməlli forvard yoxdu. Mehdi Şərifi ilə Peyman Babayinin ayrılığından sonra Amil Yunanovun bacarığına güvənmək olardı ki, onunla da yeni anlaşma imzalanmadı. Bu ayrılıq isə yetərincə müəmmalı görünür. Dünən aradığımız və suallara cavab tapmaq istədiyimiz Amilin özü də nə baş verdiyini bilmir, kənarda qalması faktına səbəb göstərməkdə acizdir.

 

 

- Deyəsən, Tovuzdasan...
- Açığı, neçə vaxtdı rayondaydım. Bakıda bir-iki işim var, ona görə gəlmişəm.

- Komandalar iyunda mövsümün bərpası ilə bağlı yığışanda da Tovuzdaydın?
- Yox-yox, onda komandayla birgəydim. Mövsümün sonuna qədər “Sumqayıt”la müqaviləm vardı axı. Sadəcə, komanda Qəbələyə gedəndə çağırmadılar.

- Belə çıxır ki, əməkdaşlıqda maraqlı deyillər.
- Açığı, necə olacağı qeyri-müəyyəndi. Bu gün üçün yeni müqaviləyə qol çəkmədiyimi deyə bilmərəm. Sonrası necə olacaq, yalan deyərəm.

- Nə deyirlər? Gözlə, yoxsa get?
- Vallah, heç bir xəbər yoxdu. Nə zəng vuran var, nə də itirib-axtaran. Müqaviləmin müddəti başa çatandan sonra sakitlikdi. Lazım olsaydım, yəqin zəng edib bir söz deyərdilər. Oturub gözləyirəm.

- Yubanırsan axı. Komandaların hamısı növbəti mövsümün hazırlığına başlayıb, sən isə evdə oturmusan.
- Bilirəm, fərqindəyəm. İnanın, özüm də səbirsizlənirəm, gözləyirəm. Ancaq edə biləcəyim bir şey yoxdu. Yaxşı ki, formamı qorumaq üçün fərdi məşqlər etmişəm. Yəni fiziki hazırlıqla bağlı problem olacağını düşünmürəm. Ən vacibi komandanın əsas hazırlığında iştirak etməkdi.

- Karyeranı “Sumqayıt”da davam etdirməkdə maraqlısan, yoxsa hansı klub olsa, anlaşacaqsan?
- Açıq deyəcəm, “Sumqayıt”da qalmaq istəyirəm. Nə qədər də olmasa, neçə illərdi orda oynayıram, ab-havaya uyğunlaşmışam, hamını tanıyıram, qısası, özümü rahat hiss edirəm. Həm də uyğunlaşma ilə bağlı problemim olmayacaq. Öz aramızdı, güc etibarilə də bir-iki komandanı çıxsaq, başqaları eyni səviyyədədi. Amma “Sumqayıt” variantı alınmayandan sonra başqa təklifləri də dəyərləndirmək olar.

- Avroliqa faktı rol oynamır?
- Əlbəttə, o da xüsusi məqamdı. Hər bir futbolçu beynəlxalq arenalarda özünü göstərmək, gücünü görmək istəyir. Həm də bu, klubun tarixində bir ilk olacaq. Görək də... “Sumqayıt”da üst-üstə 4 mövsüm keçirmişəm. Sonuncu mövsümü çıxsaq, digərləri uğurlu alınıb. Həm özüm üçün, həm də komandamız üçün. Hətta həmin 3 çempionatın ikisində Avroliqaya vəsiqəyə yaxınlaşmışdıq. Avrokubok qisməti bu ilə imiş.

- Peyman Babayi ilə Mehdi Şərifi “Sumqayıt”ı tərk etdilər. Sən də yoxsan. Maraqlıdı, “kimyaçılar”ın Avroliqada “vuran ayağı” kim olacaq?
- Vallah, özümə də maraqlıdı. Amma bu suala cavab verə bilməyəcəm. Rəhbərlikdən, yaxud baş məşqçidən soruşsaz, məncə, onlar daha dəqiq söz deyər. Yəqin ki, axtarışdadılar. Bəlkə də gənclərə şans verəcəklər.

- Rəhbərlik, baş məşqçi ilə münasibətin necədi?
- Hamı ilə münasibətim normaldı. İndiyə qədər harda oynamışamsa, heç vaxt problem yaratmamışam, kiminləsə münaqişəm olmayıb. Yəni məndən asılı bir iş olduğunu düşünmürəm.

- Bəlkə hazırkı idman forman baş məşqçini qane etmir?
- Bu gün “Sumqayıt”da deyiləmsə, deməli, onları qane etməyən nəsə var. Amma problemin nə olduğunu bilmirəm. İndiyə qədər məşqlərə can-başla yanaşmışam, nəyim var ortaya qoymuşam ki, heç kimdən geri qalmayım. Bir gün alınır, o biri gün yox – bu başqa məsələdi. Amma məşqlərdə, oyunlarda can yandırmadığıma görə xidmətimə ehtiyac duyulmadığını düşünmürəm.

- Bir ara olduqca xoş təsir bağışlayırdın. Məhz “Sumqayıt”dakı oyunun sayəsində milliyə dəvət aldın, “Keşlə” səni heyətinə qatdı. Sonradan nə dəyişdi?
- İnanın, bu sualı özümə verirəm, doğru-düzgün cavabını tapa bilmirəm. Bəlkə də nə vaxtsa doğru qərar vermədiyimə görə belə oldu. Nə bilim...

- “Keşlə”yə keçidini nəzərdə tutursan?
- Karyeramın “Keşlə” bölümünün pis alındığını düşünmürəm. Orda olduğum ilk dönəmlərdə çıxışım pis alınmırdı. 16, ya da 17 oyunda start heyətində meydana çıxmışdım. Mövsümün sonunda qol sayında hamıdan öndə idim. Sadəcə, komanda uğursuz oldu, mövsümü sonuncu pillədə başa vurdu deyə, futbolçuların zəhməti görünmədi. Bir mövsüm ərzində üç məşqçinin rəhbərliyi altında oynamaq zarafat kimi görünməsin. Həqiqətən çətin idi, amma yenə də oynadım. Üstəlik, “Keşlə”də məndən başqa Andre Klennon, Con Ayite, Bahodir Nasimov kimi hücumçular da var idi.

- “Sumqayıt”dakı sonuncu mövsüm haqda da eyni fikirdəsən?
- Bəli, sonuncu mövsümdə gerilədiyimi, əvvəlki kimi təsir bağışlamadığımı bilirəm. İş o yerə çatmışdı ki, bir-iki oyunda “11-lik”də yer aldım. Bunu özüm də çox düşünürəm. Amma konkret səbəb deyə bilmirəm. Futboldan kənar artıq hərəkətim olsa, başa düşərəm, səhvimi bilərəm. Elə bir şeyim olmayıb axı.

- Bəlkə Peymanla Mehdinin komandada olması səni ruhdan saldı?
- Həvəsdən düşən futbolçu olmamışam, indi də deyiləm. “Keşlə”də də təcrübəli hücumçular vardı, amma məşqlərdə çalışırdım, özümü yaxşı tərəfdən göstərirdim ki, baş məşqçi mənə şans versin. Hətta ötən ay çempionatın bərpası ilə bağlı qərar çıxarılanda sevinmişdim. Düşünürdüm ki, qalan 8 oyunda şans qazanaram, özümü göstərərəm. Hər məşqçinin öz baxışı, güvəndiyi futbolçular var. Yəqin ki, Ayxan müəllim həmin vaxt onlara güvənməyi lazım bilirdi, o cür düşünürdü. Amma bu məni qətiyyən həvəsdən salmırdı. Günahı özümdə və şanssızlıqda görürəm.

- Sabiq yığma üzvü, “Sumqayıt” tarixinin ən çox qol vuran hücumçusu ilə maraqlanan yoxdu?
- Nə zəng edən var, nə də maraqlanan. Yalan danışmağın nə mənası var ki...

- “Səbail”, “Qəbələ” kimi az maaş verilən komandalarda oynayarsan?
- Niyə oynamıram? Bu dəqiqə klublardakı vəziyyətdən xəbərdaram. Hamımız bununla barışmalı, dözməliyik. Danışıb, razılaşıb, oynamaq olar.

- Belə durumda ağlından legioner həyatı yaşamaq keçir?
- Bir-iki menecer tanışım var, onlara müraciət etmişəm. Nə gizlədim, özümü başqa ölkədə sınamaq istəyirəm. Maddiyyata önəm də vermərəm. Təbii, pulsuz oynayası deyiləm. Özümü dolandıracaq məvacib olsun, bəsimdi. Bilmək olmaz, bəlkə bir xəbər çıxar.

- Uzun illər şərəfini qoruduğun “Sumqayıt” Avroliqa ərəfəsində “söküldü”. Aparıcı futbolçularını itirmiş sabiq komandanı avrokuboklarda necə təsəvvür edirsən?
- Bəli, bir çox aparıcı heyət üzvləri komandanı tərk etdi. Görünən odu ki, təcrübəli və gənc futbolçuların vəhdətindən qurulmuş kollektiv izləyəcəyik. Sabahın işini bilmək olmaz, bəlkə bir neçə futbolçu “Sumqayıt”a qoşuldu. Amma həqiqətən çətin olacaq. Bildiyimə görə, rəqiblər də güclü komandalar olacaq. “Sumqayıt”da olsam da, olmasam da, komandaya yalnız və yalnız uğurlar arzulayıram. Sumqayıtlı azarkeşlər illərdi avrokubokları arzulayırdılar. Arzularına çatdılar, indi qalır sevinmələri. ("Futbol plus" qəzeti)