"Sumqayıt" klubunun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda bir il ərzində keçirdiyi 21 qarşılaşmanı ümumilikdə 72230 tamaşaçı canlı izləyib.


Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün sözügedən arenada yenidənqurmadan sonra keçirilən ilk qarşılaşmadan 1 il keçir.


Ötən ilin bu günü komanda doğma stadionda “Neftçi” üzərində 2:1 hesablı qələbə qazanaraq arenaya toplaşmış azarkeşlərini sevindirməyə nail olmuşdu. Bu oyunların 19-u Misli Premyer Liqası, 1-i Azərbaycan Kuboku, 1-i isə UEFA Konfrans Liqasının II təsnifat mərhələsində baş tutub. Bu qarşılaşmalarda Sumqayıt təmsilçisi 10 qələbə, 3 heç-heçə və 8 məğlubiyyətlə yadda qalıb.


Bir il ərzində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilmiş 21 qarşılaşmanı ümumilikdə 72230 tamaşaçı canlı izləyib ki, bu da hər oyuna ortalama 3450 nəfər deməkdir. Bu matçlarda ən çox azarkeş sayı ötən mövsüm baş tutan “Sumqayıt” – “Qarabağ” (Premyer Liqanın XXXII turu - 9300 tamaşaçı), “Sumqayıt” – “Qəbələ” (Premyer Liqanın XXXVI turu - 9300 tamaşaçı) və cari mövsümün əvvəlində oynanılmış “Sumqayıt” – “Fehervar” (UEFA Konfrans Liqasının II təsnifat mərhələsi - 9200 tamaşaçı) olub. Ən az azarkeş isə bu mövsüm Azərbaycan Kubokunun 1/8 final mərhələsində baş tutan “Sumqayıt” – MOİK qarşılaşmasında qeydə alınıb - 400 nəfər.