“Sumqayıt”ın ispanı "üç bacı"nın heyranıdı: "Yanımızdakı marketdə hamı bizi tanıyır" MÜSAHİBƏ
- 10 İyl 2020 17:00
- 1041
Ötən mövsüm “Sumqayıt” fiziki cəhətdən premyer-liqanın seçilən komandalarından biri oldu. Premyer-liqa matçlarına təyinat alan hakimlər belə “kimyaçılar”ın görüşlərinə təyinat alanda çox da sevinmirdilər. Bir dəfə ədalət təmsilçilərindən biri ilə söhbətdə “hansı komandanın oyununu idarə etmək daha çətindi” sualını vermişdim. Cavabında “Sumqayıt” deyəndə, təəccübləndiyimi görən referi bunu belə əsaslandırmışdı: “Çoxları deyir ki, “Qarabağ” və “Neftçi”nin oyununu idarə etmək hər hakimin işi deyil. Bəli, status baxımından bu komandaların qarşılaşması premyer-liqada hazırda bir nömrədi. Ancaq “Sumqayıt”ın futbolçuları 90 dəqiqə ərzində o qədər qaçır və hərəkət edirlər ki, hər hakim sona qədər bu tempə dözə bilmir”.
“Kimyaçılar”ın fiziki cəhətdən hazırlıqlı olmasında isə komandanın fiziki hazırlıq üzrə məşqçisi Eduardo Baladanın xüsusi xidməti var. Qısaca hamının Edu çağırdığı ispan mütəxəssislə söhbətdə həm komandanın gələcəyi, həm də bizi maraqlandıran başqa mövzular ətrafında danışdıq.
- Artıq neçə vaxtdı Azərbaycandasız. Ölkəmiz və Sumqayıt ilə bağlı fikirlərini bölüşərdiz.
- Ölkəniz və Sumqayıt haqda ancaq xoş fikirlər səsləndirə bilərəm. Qaldığım şəhərin dəniz kənarında olması xüsusilə mənə xoşdu. İnsanlarınız mehriban və istiqanlıdılar, abadlıq göz oxşayır. Bir sözlə, özümü Avropada olduğu kimi hiss edirəm.
- Azərbaycana gəlməmiş Səudiyyə Ərəbistanında çalışmısız. Bura ilə oranı müqayisə edərdiz.
- Nə baxımından, futbol, yoxsa ümumi həyat tərzini?
- Elə hər ikisi.
- Futboldan başlayım. Krallıqda pul baxımdan problem yoxdu. Şeyxlər klublara fantastik vəsait ayırırlar. Elə buna görə də Avropada adından söz etdirmiş, nəhəng yığmaların şərəfini qorumuş bir çox tanınmışlar çalışırlar ki, karyeralarının qürub çağında heç olmasa, 2-3 il Səudiyyə Ərəbistanında çıxış etsinlər, təqaüd ərəfəsində gələcəklərini təmin edəcək səviyyədə pul qazansınlar. Qomis, Covinko, Soriano kimi oyunçuların adlarını çəkə bilərəm ki, onlar butslarını məhz orda mismardan asdılar. Maddi planda Azərbaycan klubları ilə Səudiyyə Ərəbistanı təmsilçilərini müqayisə etmək düzgün olmasa da, səviyyə baxımından deməzdim ki, o qədər də böyük fərq var. Açığı, Ərəbistan çempionatının səviyyəsi xərclənən pulların qarşılığını vermir. Yaşam tərzinə gəlincə, təbii ki, bir avropalı kimi mənim üçün Səudiyyə Ərəbistanı ilə müqayisədə Azərbaycanda yaşamaq və çalışmaq daha yaxşıdı. Hətta deyərdim, dəfələrlə yaxşıdı. Avropa mentallığına malik insanın fərqli dünyagörüşünə malik ərəblərin arasında yaşaması sizə o qədər də asan gəlməsin. Krallıqda pul çox olduğuna görə çalışırlar ən bahalı avadanlığı, texnikanı ölkəyə gətirsinlər, müasir binalar inşa etsinlər, gözoxşayan və milyonlar hesabına başa gələn iri ticarət mərkəzləri açsınlar. Bunların hamısına sahibdilər. Ancaq bütün bunların fonunda ölkənin qapalı yaşam tərzi mənim kimi azadlığa və müstəqiliyə alışmış biri üçün diskomfort yaradır. Fərqli mədəniyyət istər-istəməz özünü göstərir. Mən paytaxt Ər-Riyadda yaşayırdım. Sumqayıtda özümü daha xoşbəxt, daha rahat hiss edirəm, nəinki krallığın paytaxtında. Bu da ondan irəli gəlir ki, azərbaycanlılar daha mütərəqqi, daha mədəni xalqdı. İki xalqın arasında dünyagörüşü baxımından yerdən göyə qədər fərq var. Belə deyək, son iki ildə həyatda hər şeyin heç də puldan asılı olmadığını özüm üçün bir daha sübut etdim.
- Çox imkanlı Səudiyyə Ərəbistanı klubundan sonra məhdud büdcəyə malik "Sumqayıt"da çalışmaq necədi?
- Çox pul yaxşıdı, ancaq fikrimcə, insan özünü harda xoşbəxt hiss edirsə, orda işləmək və yaşamaq onun üçün daha xoşdu. “Sumqayıt”da çalışmaq ürəyimcədi. Çox mehriban komandaya gəldiyimi deyə bilərəm. İlk gündən istər rəhbərlik, istər məşqçilər korpusu, istərsə də futbolçular məni çox isti qarşıladılar. Qısa vaxtda kollektivə uyğunlaşdım, özümü onlardan biri hiss etdim. Büdcə fərqli ola bilər, ancaq münasibət tam fərqlidi. Əsas kəmiyyət yox, keyfiyyətdi ki, onu da “Sumqayıt”da görmək mümkündü.
- Artıq 4 aya yaxındı Azərbaycanda futbol yoxdu. “Sumqayıt”ı isə qarşıda çətin sınaq gözləyir. Komanda tarixində ilk dəfə Avropa Liqasında çıxış edəcək ki, fiziki hazırlıq üzrə məşqçi kimi sizin də üzərinizə böyük məsuliyyət düşəcək. Futbolçuları qısa vaxtda optimal formaya gətirmək mümkün olacaq?
- Çətin olacağını hamımız yaxşı başa düşürük. Uzun müddət futbolsuz qalmaq, kollektiv məşqlərdən uzaq düşmək hər bir futbolçumuza mənfi yöndə təsir göstərib. Çox çətin durumdayıq. Normal hazırlıq keçmək üçün 6 həftə tələb olunur. İnanıram ki, pandemiya olmasına baxmayaraq, avrokubok iştirakçılarının karantin rejimi tətbiq olunmayan şəhərlərdə toplanış keçməsinə icazə veriləcək. Belə olsa, nəyəsə ümid etmək olar. Toplanışa icazə verilərsə, kollektiv məşqlərlə yanaşı, bəzi oyunçularımızla lazım gəlsə, fərdi də məşğul olacam ki, avqustun sonuna kimi heç olmasa, fiziki durumla bağlı çətinliklə üzləşməyək.
- Azərbaycanda çalışan və top qovan ispanlarla əlaqəniz var, görüşürsüz?
- “Qarabağ”da çıxış edən Miçel, Xayme və qardaşı, “Qəbələ”nin şərəfini qoruyan Fernanla müntəzəm görüşürük. Tez-tez Bakıda ailəvi kafe və retoranlara baş çəkirik. Son vaxtlar karantinlə bağlı kafe-restoranlar işləmədiyindən kiminsə evinə toplaşırıq.
- Kluba tez uyğunlaşdığınızı bildirdiz. Bəs yerli mühitə və mətbəxə necə, bununla bağlı çətinliyiniz oldu?
- Mətbəxinizə söz olmaz. Xanımımla vaxtaşırı restoranlara baş çəkib yerli mətbəxin təamlarını dadırıq. Lülə kababı çox bəyənirəm, ürəyim gedir onun üçün. Bir də ən xoşladığım “üç bacı” dolmasıdı. Əla dadı var. Özümü Sumqayıtda da, Bakıda da çox rahat hiss edirəm. İstədiyim vaxt qaldığım binanın həyətinə çıxıb gəzirəm, yanımızdakı marketdə hamı bizi tanıyır. Bizdən bir qədər aralıda olan “Bazarstor”a da tez-tez baş çəkirik, orda da bizə yüksək səviyyədə xidmət göstərirlər. Bəzən nəyisə başa düşməyəndə, səbrlə mənə hər şeyi izah etməyə çalışırlar. Yaşadığım binanın dəniz kənarında olması da ürəyimcədi. Yenə deyirəm, dənizi çox sevirəm, ona görə də dəniz kənarında yaşamaq mənə əlavə enerji verir.
- Sumqayıtla yanaşı, Bakını gəzməyi sevirsiz. Sumqayıtda və paytaxtda nəyi bəyənirsiz, nədən xoşunuz gəlmir?
- Sumqayıt və Bakı bulvarında gəzməyi çox xoşlayıram. Demək olar ki, icazə ilə hər gün xanımımla birgə Sumqayıt bulvarına çıxıb havamızı dəyişirik. Bakıda “Torqovı”nı çox bəyənirəm. Ora maşınlar girə bilmədiyindən sərbəst hərəkət etmək adama zövq verir. Bəyənmədiyim şey isə dənizin çirkli olmasıdı. Onun təmizlənməsinə xüsusi diqqət ayırmaq lazımdı. Vaxtında bu addım atılmasa, sonradan ekoloji problemə çevrilə bilər.
- “Qarabağ”da oynayan ispanlar bir neçə gün öncə İspaniyaya yollandılar. Siz nə əcəb onlara qoşulub getmədiz?
- Əslində mən də onlarla birlikdə gedə bilərdim. Ancaq düşündüm ki, birdən nəsə olar, vaxtında geri qayıdıb komandanın məşqlərinə qatıla bilmərəm. Onsuz da pandemiya səbəbindən xeyli vaxt itirmişik. Mənim geri dönməməyim komandaya daha bir ağır zərbə olar. Bütün bunları nəzərə alıb, xanımımla Azərbaycanda qalmağa qərar verdik. ("Futbol plus" qəzeti)