"Sumqayıt"ın kapitanı hakimdən narazı qalıb: "Bunu necə görə bilməzlər?" MÜSAHİBƏ
- 02 Fev 2020 15:00
- 743
"Sumqayıt"ın futbolçusu Vurğun Hüseynov Azərbaycan Premyer Liqasının 15-ci turunda "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra jurnastərin suallarını cavablandırıb. Rekord.az xəbər verir ki o, əvvəlcə oyun haqda danışıb:
- Açığı, "Neftçi" elə bir rəqibdir ki, kimsə bu komanda ilə qarşılaşıb, 3 xal qazanacağını deyə bilməz. Həqiqətən də yaxşı komandadır. Düzdür, oyunun gedişatı göstərdi ki, həm qırmızı vərəqə ilə cəzalandırıldılar, həm də 1:0 hesabı ilə önə keçdik. Fikrimcə, bu gün bəxtimiz gətirmədi. Bir neçə qol epizodumuz oldu, amma istifadə edə bilmədik. Səhv etmirəmsə, rəqibin vurduğu qol vaxtı oyundankənar vəziyyət idi. Mən heç vaxt hakimlər barədə danışmamışam. Amma belə də olmaz. Bunu necə görə bilməzlər? Bu günkü oyunda 2 xal itirdik.
- "Sumqayıt"a qarşı qərəzli hakim səhvlərinin olduğunu düşünürsünüzmü?
- Bizə qarşı qərəzli bir şeyin olduğunu fikirləşmirəm. Amma belə epizodları görmək lazımdır. Futboldur, onlar da səhv edə bilərlər. Ancaq qarşıdakı oyunlarda diqqətli olsalar, daha yaxşı olar. Özünüz də görürsünüz ki, necə əziyyət çəkirik. Hamımız azərbaycanlı uşaqlarıq. Hər cür zədə ala bilirik. Məsələn, birinin qaşı, birinin gözü çıxır.
- Demək olar ki, "Sumqayıt" "Neftçi"nin oyununu tamamilə öyrənib? Çünki kubokda da mübarizədən kənarlaşdırdınız. Bu komanda ilə asanlıqla oynayırsınız.
- Asan olduğunu deməzdim. Hər bir komanda kimi biz də "Neftçi"yə qarşı oynayanda əziyyət çəkirik. Məşqçilər taktiki cəhətdən daha çox işləyir. "Neftçi"yə qarşı yaxşı oynamağımızın tək səbəbi baş məşçqinin bizi taktiki cəhətdən yaxşı hazırlamağıdır.
- Bir epizodda qaşın partladı. Rəqibin qırmızı vərəqə ilə cəzalandırılmasını gözləyirdinizmi?
- Açığı, bunu həqiqətən də gözləyirdim. Çünki adi bir toxunuş olsaydı, niyə mənim qaşım partlasın? Bildiyim qədəri ilə dirsəklə sifətə zərbə, toxunuş varsa, qırmızı vərəqə göstərilməlidir.
- Bu gün "Zirə" qalib gəldi, siz isə heç-heçə etdiniz. Buna görə də turnir cədvəlində "Sumqayıt"ı keçdilər. Növbəti turda məhz "Zirə"ilə qarşılaşacaqsınız. Bu görüş barədə nə düşünürsünüz?
- İnşallah, sabahdan hər birimiz "Zirə"ilə oyuna hazırlaşmağa çalışacağıq. Həqiqətən də yaxşı komandadır. Hər bir matça 100 faiz köklənməliyik. Güclü hazırlaşsaq, yaxşı nəticə qazana bilərik.
- Nəhayət ki, Avrokuboklara yollanmaq "Sumqayıt üçün reallaşacaq?
- Bu haqda danışmaq üçün hələ tezdir. Qarşıda oyunlar var. Zaman göstərəcək. Bizim fikrimiz pillə-pillə irəliləməkdir.