Ötən ilin dekabrında Gənclər Liqasında keçirilən “Sumqayıt” – “Zirə” oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Kənan Hacıyevin hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlətməsini əsas gətirən AFFA İntizam Komitəsi çalışdırıcını 5 oyunluq diskvalifikasiya etmişdi. "Sumqayıt" klubu sonradan bu qərardan apellyasiya şikayəti versə də, bu şikayət də təmin olunmamışdı. Hacıyev bizimlə söhbətdə qapını döyərək hakimlər otağına daxil olduğunu etiraf etsə də, hakimləri təhqir etmədiyini, sadəcə, şikayətini çatdırdığını bildirib. Hakim isə onun şikayətini protokola təhqir kimi qeyd edib, AFFA İK-da hakimin qeydini əsas götürüb baş məşqçiyə 5 oyunluq cəza verib.

Rekord.az məsələ ilə bağlı qısa araşdırma apararaq bəzi məqamları da üzə çıxardıb.

Belə ki, görüşün hakimi qarşılaşmanı həqiqətən aşağı səviyyədə idarə edib, "Sumqayıt"ın əleyhinə olan ciddi səhvlərlə yadda qalıb. Hətta bir epizodda "Sumqayıt" aşkar penaltisini verməyib. Maraqlıdır ki, görüşün hakim-inspektoru olan Munis Abdullayev də hakimin idarəçiliyini 7.9 balla qiymətləndirib ki, bu da aşağı göstərici sayılır. Deməli, hakim-inspektor da baş hakimin zəif idarəçiliyini öz qiyməti ilə isbat edib. Amma göründüyü kimi, cəzalanan yalnız məşqçilər, haqqı tapdalanan isə klublardı. Hakimlər yollarına cəzasız olaraq, davam edirlər.