Ötən saylarımızın birinə müsahibə verən “Sumqayıt”ın prezidenti Riad Rəfiyev yerli azarkeşləri sevindirəcək açıqlama ilə yadda qalmışdı.

 

Rekord.az xəbər verir ki klub prezidenti yaxın günlərdə “Kapital Bank Arena”da yeni, 1500 azarkeş tutumuna malik tribunanın inşasına başlanılacağını bildirmişdi.

 

Artıq oktyabr başa çatıb. Ancaq “Sumqayıt”ın ev oyunlarını keçirdiyi arenada yeni tribunanın tikilməsindən səs-soraq yoxdu. Premyer-liqanın 9-cu turu çərçivəsində keçirilən “Sumqayıt” – “Neftçi” matçını da canlı izləmək həvəsi ilə “Kapital Bank Arena”ya üz tutan yüzlərlə futbolsevər tribunalarda boş yer olmadığından oyuna ayaqüstə baxmaq məcburiyyətində qalmışdılar.
Dünən yenidən sözügedən məsələ ilə bağlı “kimyaçılar”ın prezidenti ilə əlaqə saxladıq. Riad bəy bu dəfə gələn həftəni nişan verdi: “Yeni tribunanın inşası ilə bağlı bəzi xırda detallara aydınlıq gəlməliydi. Artıq bütün məsələlər həllini tapıb. Gələn həftədən “Kapital Bank Arena”da yeni tribunanın tikintisinə başlanılacaq”. ("Futbol plus" qəzeti)