Sumqayıtlılardan ibarət "qızıl 11-lik" MÜƏLLİF YAZISI
- 03 İyn 2020 14:00
- 2419
Sumqayıt Azərbaycan futboluna bir çox tanınmış oyunçu bəxş etmiş, ancaq məktəbinin güclü olmasına baxmayaraq, sponsor problemi səbəbindən heç vaxt iddialı klubun mövcudluğuna imkanı olmayan bir şəhərdir. Bu oyuna böyük maraq və azarkeş dəstəyi isə heç vaxt azalmayıb. Bəlkə də bunun nəticəsidir ki, “Gənclər şəhəri”ndən həmişə, tarixin hər dövründə yaxşı futbolçular çıxıb. Bu yazıda onlardan ibarət maraqlı bir əsas heyət qurmaq qərarına gəldik. Sizcə, Sumqayıt futbolunun “ilk 11-liy”i necə olmalıdır? "Şəhərin futbol məktəbinin ən tanınan simaları kimi Nazim Süleymanovla Arif Əsədovu xüsusi qeyd etmək olar. "Qızıl 11-liy"ə gəlincə...
Qapıçı Fərhad Vəliyev - 1 noyabr 1980-cı ildə Sumqayıtda anadan olub. Karyerası ərzində, "Kimyaçı", "Şahdağ", "Masallı", "Neftçi", "Gənclərbirliyi", "İnter" və "Qarabağ"ın şərəfini qorumuş Vəliyev 32 dəfə Azərbaycan millisinin formasını geyinib. Qeyd edək ki, Fərhad 4 dəfə Azərbaycan çempionu olub (1 dəfə "Neftçi" - 2003/04, 3 dəfə "Qarabağ" 2013/14, 2014/15, 2015/16) və 5 dəfə Azərbaycan kubokuna sahib çıxıb (2 dəfə "Neftçi" - 2001/02, 2003/04, 3 dəfə "Qarabağ" 2008/09, 2014/15, 2015/16). Hal-hazırda Səbail FK-da qapıçılar üzrə məşqçidir.
Mərkəz müdafiəçisi Mehman Yunusov - 02 iyul 1968-ci ildə Sumqayıtda anadan olub. Karyerası ərzində "Xəzər" Sumqayıt, "Neftçi", "Şəmkir", "Qarabağ" və "Karvan" nın şərəfini qorumuş Yunusov 9 dəfə Azərbaycan millisinin formasını geyinib. Qeyd edək ki, Mehman 4 dəfə Azərbaycan çempionu olub (1 dəfə "Neftçi" - 1995/96, 3 dəfə "Şəmkir" 1999/00, 2000/01, 2001/02) və 2 dəfə Azərbaycan kubokuna sahib çıxıb ("Neftçi" - 1994/95, 1995/96). Hal-hazırda Sumqayıt FK-da baş məşqçinin köməkçisidir.
Mərkəz müdafiəçisi Arif Əsədov - 18 avqust 1970-ci ildə Bakıda anadan olub. Karyerası ərzində "Neftçi", "Spartak" Vladiqafqaz(Rusiya), "Tümən" FK(Rusiya), "Anji"(Rusiya), "Xəzər" Lənkəran, "Qarabağ" və "Kəpəz"in şərəfini qorumuş Əsədov 42 dəfə Azərbaycan millisinin formasını geyinib. Qeyd edək ki, Arif 3 dəfə Azərbaycan çempionu olub (3 dəfə "Neftçi" - 1992, 1995/96, 1996/97) və 3 dəfə Azərbaycan kubokuna sahib çıxıb ("Neftçi" - 1994/95, 1995/96, 2001/02). Həmçinin Əsədov SSSRİ-nin 17 yaşlılarından ibarət millisində 1987-ci ildə Dünya çempionu, 19 yaşlılarından ibarət millisində isə 1988-ci ildə isə Avropa çempionu olmuşdur. Hal-hazırda Azərbaycan millisinin olmayan baş məşqçinin köməkçisidir.
Sol cinah müdafiəçisi Ruslan Poladov - 30 noyabr 1979-ci ildə Sumqayıtda anadan olub. Karyerası ərzində "Xəzər" Sumqayıt, "Gənclərbirliyi", "İnter" Bakı, "Standart" Bakı, "Xəzər" Lənkəran, "Simurq" Zaqatala, "Sumqayıt" FK, "Zirə" və digər klubların şərəfini qorumuş Poladov 1 dəfə Azərbaycan millisinin formasını geyinib. Qeyd edək ki, Arif 2 dəfə Azərbaycan kubokuna sahib çıxıb ("Xəzər" Lənkəran - 2007/08, 2010/11). Hal-hazırda "Uğur" FK-da oynayır.
Sağ cinah müdafiəçisi Mahir Şükurov - 12 dekabr 1982-ci ildə Sumqayıtda anadan olub. Karyerası ərzində "Kimyaçı" Sumqayıt, "Gənclərbirliyi", "Şəfa" Bakı, "Antalyaspor" (Türkiyə), "Karvan", "Neftçi", "İnter" Bakı, "Xəzər" Lənkəran, "Anji"(Rusiya), "Karşıyaka" (Türkiyə), "Qəbələ", "Olimpik" Bakının şərəfini qorumuş Şükurov 76 dəfə Azərbaycan millisinin formasını geyinib. Qeyd edək ki, Mahir 2 dəfə Azərbaycan çempionu olub (1 dəfə "İnter" Bakı 2009/10, 1 dəfə "Neftçi" – 2012/13) və 3 dəfə Azərbaycan kubokuna sahib çıxıb (1 dəfə "Xəzər" Lənkəran"- 2007/08, 2 dəfə "Neftçi" - 2011/12, 2013/14). Hal-hazırda şəxsi bizneslə məşğuldur.
Dayaq yarımmüdafiəçisi Samir Abbasov - 01 fevral 1978-ci ildə Sumqayıtda anadan olub. Karyerası ərzində "Viləş" Masallı, "Şahdağ" Qusar, "Şəfa" Bakı, "Qarabağ", "Karvan", "Neftçi", "İnter" Bakı, "Sumqayıt" FK-nın şərəfini qorumuş Abbasov 46 dəfə Azərbaycan millisinin formasını geyinib. Qeyd edək ki, Samir 3 dəfə Azərbaycan çempionu olub (1 dəfə "Neftçi" – 2003/04, 2 dəfə "İnter" Bakı - 2007/08, 2009/10) və 3 dəfə Azərbaycan kubokuna sahib çıxıb (1 dəfə "Şəfa" Bakı 2000/01, 2 dəfə "Neftçi" - 2011/12, 2013/14). Hal-hazırda şəxsi bizneslə məşğuldur.
Dayaq yarımmüdafiəçisi Aqil Məmmədov - 12 aprel 1972-ci ildə Sumqayıtda anadan olub. Karyerası ərzində "Xəzər" Sumqayıt, "Kimyaçı" Sumqayıt, "Turan" Tovuz, "Şəmkir", "Neftçi", "Qarabağ", "Karvan", "Sumqayıt" FK-nın şərəfini qorumuş Məmmədov 6 dəfə Azərbaycan millisinin formasını geyinib. Qeyd edək ki, Aqil 3 dəfə Azərbaycan çempionu olub (2 dəfə "Şəmkir" - 2000/01, 2001/02, 1 dəfə "Neftçi" – 2003/04) və 1 dəfə Azərbaycan kubokuna sahib çıxıb ("Neftçi" - 2003/04). Hal-hazırda veteran futbolçu işsizdir.
Mərkəz yarımmüdafiəçisi, Namiq Əliyev - 1980-ci ildə Sumqayıtda anadan olub. Namiq Əliyev "Sumqayıt", "Şəfa", "Gənclərbirliyi", "Olimpik, "Karvan" və "Qəbələ"nin formasını geyinib. 2005/06 mövsümündə "Gənclərbirliyi"də 25 oyuna çıxan "Pele" ləqəbli yarımmüdafiəçi 3 qola imza atıb. Növbəti iki mövsümdə "Olimpik"in forması altında 40 matçda iştirak edib və 1 dəfə fərqlənib. Ötən mövsümdə isə Namiq "Karvan"ın şərəfini qoruyub - 20 oyun, 2 qol. 2009-cu ilin avqustunda "Qəbələ"yə transfer olub. Hazırda "Qəbələ"də məşqçi kimi çalışır.
Sol cinah yarımmüdafiəçisi İsmayıl Məmmədov - 05 avust 1976-ci ildə Sumqayıtda anadan olub. Karyerası ərzində "Xəzər" Lənkəran, "Kimyaçı" Sumqayıt, MOİK, "Şəmkir", "Neftçi", "Qarabağ", "Karvan", "İnter" Bakı, "Gənclərbirliyi" və digər klubların şərəfini qorumuş Məmmədov 7 dəfə Azərbaycan millisinin formasını geyinib. Qeyd edək ki, İsmayıl 4 dəfə Azərbaycan çempionu olub (3 dəfə "Şəmkir" – 1999/00, 2000/01, 2001/02, 1 dəfə "Neftçi" – 2003/04) və 1 dəfə Azərbaycan kubokuna sahib çıxıb ("Neftçi" - 2003/04). Hal-hazırda "Səbail" FK-da aşağı yaş qrupları üzrə məşqçi işləyir.
Sağ cinah yarımmüdafiəçisi Kamal Quliyev - 14 noyabr 1976-cı ildə Ağsu rayonun Bico kəndində anadan olub. Karyerası ərzində "Xəzər" Sumqayıt, "Neftçi", "Karvan", "Volın" (Ukrayna), "Xəzər" Lənkəran, "Standart" Bakının şərəfini qorumuş Məmmədov 43 dəfə Azərbaycan millisinin formasını geyinib. Qeyd edək ki, Kamal 1 dəfə Azərbaycan kubokuna sahib çıxıb ("Neftçi" - 2001/02). Hal-hazırda şəxsi bizneslə məşğuldur.
Hücumçu Nazim Süleymanov - 17 fevral 1965-ci ildə Sumqayıtda anadan olub. Karyerası ərzində "Neftçi", "Spartak" Vladiqafqaz (Rusiya), "Alaniya" Vladiqafqaz(Rusiya), "Jemçujina" (Soçi, Rusiya)-nin şərəfini qorumuş Süleymanov 24 dəfə Azərbaycan millisinin formasını geyinib. Qeyd edək ki, Nazim 1 dəfə Rusiya çempionu olub ("Alaniya" Vladiqafqaz(Rusiya) – 1995/96). Onun bu uğurunu hələ ki, heç bir futbolçumuz təkrarlaya bilməyib. İki dəfə Rusiyanın “Ən yaxşı 33 futbolçusu” siyahısına daxil edilib. Osetiyanın fəxri vətəndaşı olmaqla yanaşı, “Şöhrət” ordeni ilə də təltif edilib. Hal-hazırda Azərbaycan Futbol İctimaiyyətinin Azad Həmkarlar İttifaqının
sədridir.
Cavid MƏMMƏDOV, xüsusi olaeaq Rekord.az üçün