Sumqayıtlıların "Mehdi Hüseynzadə" narahatlığı: Cüdo, boks, ağır atletika və s...
- 31 Yan 2020 17:00
- 1055
Prezident İlham Əliyevin sərəncamı ilə "Mehdi Hüseynzadə" adına Sumqayıt şəhər stadionunun yenidən qurulması üçün ilkin olaraq 5 milyon manat ayrılıb və hazırda arenada genişmiqyaslı quruculuq işlərii aparılır. Söküntü işləri tam başa çatıb və artıq tikinti işlərinə start verilib. Bu hadisə təbii ki, bütün sumqayıtlıların, xüsusilə də Sumqayıtın idman ictimaiyyətinin böyük sevincinə səbəb olub. Çünki onlar illərdi bu günü gözləyirdilər. İlin sonunda Sumqayıtda müasir tələblərə cavab verəcək gözəl stadionun açılışını hər kəs böyük səbirsizliklə gözləyir.
Amma bir məsələ də var ki, Sumqayıtın idman ictimaiyyətini narahat edir. Məlumdur ki, "Mehdi Hüseynzadə" adına stadion tək futbol təyinatı üzrə istifadə olunmayıb. Burada digər idman növləri üzrə də kifayət qədər idmançı da məşğul olub. Yüngül atletikadan tutmuş cüdoya, ağır atletikaya kimi... Artıq o dəqiqdir ki, yüngül atletika üzrə yarış və məşq imkanları yeni arenada olmayacaq. Çünki yeni layihəyə görə stadiondan qaçış cığırı yığışdırılıb.
Bu səbəbdən də köhnə stadionda fəaliyyət göstərmiş digər idman növləri - cüdo, boks, ağır atletika və s. bölmələrin gələcək taleyi narahatlıq doğuran məqama çevrilib. Hazırda vaxtilə stadionda bu idman növləri üzrə bölmələr başqa məkanlarda yerləşdirilib. Digərlərinin atletikanın aqibətini yaşamamaq kimi istəyi təbii qarşılanmalıdı.
Bu məsələ öz müsbət həllini tapmalıdır. Çünki bu arenanın tarixində futbolla yanaşı, çox sayda digər idman növləri üzrə bölmələr fəaliyyət göstərib, onlarla dünya, Avropa çempionatları, Olimpiya Oyunlarının mükafatçı və qalibləri yetişib, idmanın sirrlərinə yiyələniblər. Yəni bura sözün əsl mənasında bir idman məktəbi, idman məbədi olub. Bu mənada bu ənənənin saxlanılması vacibdir. İdmanımızın gələcəyi naminə bu addımın atılması xüsusi əhəmiyyət daşıyır.
"Rekord.az" olaraq bu məsələni gündəmdə saxlamaq, şəhər ictimaiyyətinin buna diqqətini yönəltmək qərarına gəldik. Qarşıdakı günlərdə bununla bağlı müsahibə və açıqlamalar alacaq, şəhərin sevimli arenasının yalnız futbol yox, bütün idmanımızın döyünən ürəyi olaraq qalması üçün öz səyimizi göstərəcəyik.