Vaqif Sadıqov vitse-prezident təyin olunar-olunmaz yeni təkliflə çıxış elədi: U-23 millisi yaradılsın. Özü də iddialı şəkildə əsaslandırmağa çalışdı ki, bu komandanın yaradıllması futbolumuz və ən əsas da əsas milli komandamız üçün çox faydalı olacaq. Bundan bir müddət sonra digər bir mütəxıssisimiz Şahin Diniyev də ölkə mətbuatına müsahibəsində bu məsələyə toxundu və o da isbatlamağa çalışdı ki, U-23 millisinin futbolumuz üçün ancaq  faydası olacaq. Onu da nəzərə alaq hər iki şəxs AFFA Məşqçilər Komitəsinin üzvüləridir. Sadıqov hətta komitənin sədridir. AFFA-nın bu komitəni yaratmaqda məqsədi də odur ki, burada yer alan yerli mütəxəssislər futbolumuz, milli komandalarımız üçün yeni təkliflər versin, layihələr hazırlasın. Elə Sadıqovun bu təklifini də bir növü həmin layihələrdən saymaq olar. Uğurlu, ya uğursuz, bu, artıq başqa söhbətin mövzusudur. Di gəl ki...


Dünən "Azərbaycan radiosu"na açıqlama verən AFFA-nın icraçı vitse-prezident-baş katibi Elxan Məmmədov bildirib ki, U-23 millisi olmayacaq. Yəni AFFA rəhbərliyi bu layihəni uğurlu hesab etməyib və onun hər hansı faydası olmayacağı qənaətinə gəldiyi üçün yumşaq desək, "otval" verib. Məmmədov bununla bir daha sübut etdi ki, Məşqçilər Komitəsində oturanların, ümumiyyətlə, yerli mütəxəssislərin sözü, təklifi, layihəsi onlar üçün heç nədir. Məsələn, eyni layihəni Lippert irəli sürsəydi zərrə qədər şübhə etmirəm ki, həmin layihəyə çoxdan "dabro" verilmişdi. Yaxud da Obradoviç, Ştuxlik. Lakin Sadıqovun təklif etdiyi və Diniyevin dəstəklədiyi layihə Məmmədov üçün lazımsız hesab olundu. İcraçı vitse-prezident-baş katib bununla da yerli məşqçiləri elə öz dili ilə desək, süni şəkildə təhqir elədi. Niyə bu ifadəni işlətdim? Çünki bu ifadəni leksikonumuza məhz Məmmədov gətirib. AFFA-nı sərt şəkildə tənqid edən media onun üçün "süni tənqid" yazan hesab olunur. İndiki halda Məmmədovun açıqlaması da yerli məşqçilər üçün təhqirdi. Süni təhqir. Əslində milli üçün namizəd 32 məşqçi arasında bir nəfər də olsun yerli məşqçinin olmaması da təhqirin başqa forması idi. AFFA bununla yerli futbolo mütəxəssislərini alçaldaraq demək istəyib ki, siz o gündəsiniz ki, heç içinizdə milliyə namizəd 32-liyə girəcək birisi də yoxdur. Bundan sonrası üçün veteranlar özləri qərar versinlər. İş, pul çox vacibdir. Amma qürur, şəxsiyyət ondan da vacibdir. İmkan verməyin ki, qürur və şəxsiyyətinizə toxunsunlar...

 

Anar XANLAROV