Türkiyənin “Başakşəhər” komandası yarımmüdafiəçisi Tolqa Ciğerci ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə Super Liqa klubunun rəsmi saytı məlumat yayıb.

30 yaşlı futbolçunun müddəti bitən müqaviləsi yenilənməyib. Yarımmüdafiəçiyə xidmətlərinə görə təşəkkür edilib, bundan sonrakı karyerasında uğurlar arzulanıb.

Tolqa Ciğerci 2021-ci ilin əvvəlindən “Başakşəhər”də çıxış edirdi. O, geridə qalan mövsümdə Türkiyə Super Liqası çərçivəsində meydana çıxdığı 32 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Təcrübəli futbolçu daha öncə “Qalatasaray” və “Fənərbaxça”nın da formasını geyinib. O, Super Liqanın və Türkiyə kubokunun qalibi olub. Almaniyanın “Volfsburq”, “Borussiya” (Mönhenqladbax) və “Herta” klublarının uğurları üçün çalışmış yarımmüdafiəçi, Türkiyə millisində də oynayıb.

“Başakşəhər” digər futbolçusu Ravil Tagiri də Belçikanın “Vesterlo” klubuna icarəyə verib. İstanbul klubunun yaydığı məlumata görə, 19 yaşlı mərkəz müdafiəçisi qarşıdakı 2 ili Belçika təmsilçisində keçirəcək. “Başakşəhər”lə müqaviləsinin müddəti 2025-ci ilə qədər olan futbolçu, bu komandanın heyətində 14 çempionat, 5 kubok matçına çıxıb.