Super Liqa oyunları 1 dəqiqəlik sükutla bərpa olunacaq
- 11 İyn 2020 12:41
- 622
Koronavirus pandemiyasına görə martdan etibarən dayandırılan futbol üzrə Türkiyə Super Liqasının 2019/20 mövsümü iyunun 12-də bərpa olunacaq.
Rekord.az xəbər verir ki, fasilədən sonrakı ilk qarşılaşmaların hamısı 1 dəqiqəlik sükutla başlayacaq.
Bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. Belə ki, klublar həm pandemiya qurbanlarının, həm də ötən gün vəfat edən Türkiyə milli komandasının sabiq futbolçusu Talat Özkarslının xatirəsini 1 dəqiqəlik sükutla yad edəcək. TFF istəyən klubların və futbolçuların meydana qara sarğı ilə çıxmasının da mümkünlüyünü qeyd edib.
Yeri gəlmişkən, Türkiyədə Super Liqa matçlarını işıqlandıran idman jurnalistləri yarışın bərpasından iki gün öncə koronavirus testindən keçirilib. Məlumatda bildirilir ki, test nəticəsi müsbət çıxan media işçiləri oyunlara buraxılmayacaq. Bu testlərin keçərlilik müddəti isə 4 gün olacaq. Növbəti tur öncəsi idman jurnalistlərindən yenidən analiz götürüləcək.