Super Liqada 9-cu turun oyunları keçirilib
- 28 Fev 2022 10:31
- 567
Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, Super Liqanın IX turu çərçivəsində iki görüş keçirilib.
Turun ilk matçında “Murov” və “Abşeron” üz-üzə gəlib. Qarşılaşma “Abşeron”un üstünlüyü ilə başlayıb. Eldar Yusubovun komandası ilk hissəni 25:17 hesabı ilə aktivinə yazıb. Növbəti iki hissədə də rəqibindən üstün oyun nümayiş etdirən “Abşeron” 3 xalı 3 setlə qazanıb - 3:0 (25:17, 28:26, 25:20).
Günün ikinci oyunu "UNEC"lə "Azərreyl" arasında baş tutub. Bu qarşılaşmanın qalibi isə dörd setdə bəlli olub. Birinci hissədə 25:18 hesabı ilə qalib gələn Famil Ağayevin komandası növbəti setdə eyni hesabla uduzub. Lakin “Azərreyl” oyununda dönüş yaradaraq növbəti iki hissədə rəqibini 25:22 və 25:13 hesabı ilə məğlub edib - 3:1.
Bu turdan sonra “Abşeron” 24 xalla turnir cədvəlindəki birinci yerini qoruyur. Liderdən 10 xal az toplayan “Azərreyl” ikinci pillədə qərarlaşıb. 6 xala malik “Murov” üçüncü, 4 xal toplayan "UNEC" dördüncü yerdədir.