Super Liqada daha iki oyun baş tutub
- 06 Apr 2022 10:25
- 452
Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, bununla Super Liqada IV dövrə start götürüb.
Günün ilk görüşündə “Murov” “Azərreyl”lə üz-üzə gəlib. Matç “dəmiryolçular”ın üstünlüyü ilə başlayıb. İlk setdə 25:22 hesabı ilə qalib gələn Famil Ağayevin komandası sonrakı hissələri də aktivinə yazıb - 25:10, 25:19. Nəticədə “Azərreyl” 3 xalı 3:0 hesablı qələbə ilə əldə edib.
Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunan X turun növbəti matçı UNEC “Abşeron” komandaları arasında olub. Bu görüşdə də qalib 3 setdə müəyyən olub. Çempionat ərzində bütün görüşlərdən qalib ayrılan Eldar Yusubovun komandası bu matçdan da asan qələbə ilə ayrılıb. “Abşeron” ilk hissəni 25:22, sonrakı setləri isə 25:14 və 25:19 hesabı ilə qazanıb.
IV dövrənin ilk turundan sonra “Abşeron” 30 xalla turnir cədvəlində liderliyi davam etdirir. 17 xala malik “Azərreyl” ikinci, 8 xalla “Murov” üçüncü yerdə qərarlaşıb. Sonuncu olan UNEC-in hesabında isə 5 xal var.