Super Liqada növbəti oyunlar keçirilib
- 17 Fev 2020 10:20
- 1077
Voleybol üzrə ölkə birinciliyində qadınların mübarizəsində növbəti oyunlar keçirilib. “Rekord.az” xəbər verir ki, görüşlər Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Qubadakı İdman-Sağlamlıq Mərkəzində keçirilib.
Günə “Abşeron” UNEC matçı ilə start verilib. Görüş Eldar Yusubovun yetirmələrinin asan qələbəsi ilə başa çatıb. İlk hissəni 13 top öndə bitirən (25:12) “Abşeron” ikinci seti 25:15 hesabı ilə aktivinə yazdırıb. Üçüncü hissədə isə 25:10 hesablı qələbə oyunun hesabını müəyyənləşdirib – 3:0.
Daha sonra “Azerreyl”lə “Murov” üz-üzə gəlib. Bu görüşdə də 3 hissə oynanılıb. “Azərreyl” ilk seti 25:20 hesabı ilə qazandıqdan sonra 25:13 hesabı ilə qalib gəlib. Onlar üçüncü hissəni isə 25:20 hesabı ilə xeyirlərinə bitiriblər.
Nəticədə “Azərreyl” 12 xalla yenə birincidir. İkinci pillədə qərarlaşan “Abşeron” da eyni xala malikdir. Lakin onlar set fərqində rəqiblərindən geri qalırlar. “Azərreyl”dən fərqli, izləyicisi bu xalı 5 matça toplayıb. “Murov” klubunun uduzması isə set fərqində üçüncü yeri “Mübariz”ə verməsi ilə nəticələnib. Hər iki komanda 3 xal yığıb. UNEC-in hesabında isə xal yoxdur.