Futbol üzrə Türkiyə Super Liqasında 2020/21 mövsümündə mübarizə aparacaq daha bir komandanın adına aydınlıq gəlib.

Rekord.az xəbər verir ki, TFF 1-ci liqada çempion olan “Hatayspor”un ardından ikinci pilləni təmin edən “Erzurumspor” da elitaya yüksəlib.

Bu, 34-cü turda “Ümraniyəspor” üzərindəki 4:1 hesablı qələbədən sonra rəsmiləşib. Lider “Hatayspor” mövsümü 66 xalla zirvədə bitiribsə, “Erzurumspor” 62 xalla ikinci olub. Bu üzdən də sözügedən iki komanda Super Liqaya birbaşa vəsiqə qazanıb.

Sonrakı pillələrdə qərarlaşan “Adana Dəmirspor” (61), “Akhisarspor” (57), “Karagümrük” (56) və “Bursaspor” (56) isə elitaya sonuncu vəsiqə uğrunda pley-off qarşılaşmaları keçirəcək.

Yarımfinal cütləri belədi:

22 iyul
Bursaspor - Adana Dəmirspor
Karagümrük - Akhisarspor

26 iyul
Adana Dəmirspor – Bursaspor
Akhisarspor – Karagümrük

TFF 1-ci liqada 2019/20 mövsümünə iyulun 19-da keçiriləcək iki oyunla (“Eskişeherspor” - “Boluspor” və “Osmanlıspor” – “Balıkesirspor”) yekun vurulacaq. Bu oyunlardan sonra həm də TFF 1-ci liqa ilə vidalaşan sonuncu komandanın adına aydınlıq gələcək. Bu, ya “Osmanlıspor” (27 xalla 16-cı), ya da “Boluspor” (30 xalla 15-ci) olacaq. Daha öncə son iki pillədə qərarlaşan “Adanaspor”la “Eskişeherspor”un aşağı liqaya düşəcəyi dəqiqləşmişdi.
 
Sonda onu da xatırladaq ki, “Erzurumspor” cəmi bir il aradan sonra yenidən Super Liqaya vəsiqə qazandı.