«Mən bu klubu yaşatmaq və yenidən ayağa qaldırmaq istəyirəm».

Rekord.az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında «Şuşa-Qarabağ»ın prezidenti və baş məşqçisi Nadir Qasımov deyib.

2015-ci ildə fəaliyyətini dayandıran klubun təmsilçisi artıq müəyyən sponsorlarla danışıqlar apardığını və AFFA-dan konkret cavab gözlədiyini bildirib:

«Qarabağ erməni işğalçılarından azad olunandan sonra hər birimiz daha da ümidlənmişik. Ölkə başçısı bildirib ki, bu torpaqlar tezliklə əsl cənnətə çevriləcək, insanlar doğma yurd-yuvalarına dönəcək, həyat öz axarına dönəcək.

Bilirəm ki, AFFA da futbolun Qarabağa dönməsini istəyir, müəyyən planlar üzərində işləyir. Dörd rayon və 1 şəhərdə futbol klubunun yaradılması qərara alınıb, onlardan da biri Şuşadır.

Hazır klub var, icazə versinlər, «Şuşa-Qarabağ»ı dirçəldək. Beş il qabaq mənə dedilər ki, pul yoxdur, klubun fəaliyyətini dayandırırıq. Üstündən nə qədər keçib, indi vəziyyət dəyişib.

AFFA özü maraqlıdır ki, Qarabağda futbol olsun. Mənim özüm də boş oturmamışam. Rusiyada, Türkiyədə, İranda çalışan bir neçə azərbaycanlı iş adamıyla əlaqədəyəm.

Onlar mənə deyib ki, biz kluba sponsorluq etməyə hazırıq, təki AFFA razılıq versin. Bilirsiz, gündə mənə nə qədər futbolçu zəng vurur? Hamsı istəyir ki, «Şuşa-Qarabağ» qayıtsın və gəlib burada futbol oynasınlar.