Taekvandoçuların maaşı 70 faiz kəsildi
- 05 Okt 2021 13:20
- 742
Azərbaycan Taekvando Federasiyası Olimpiadada uğursuzluğa görə idmançıların maaşlarını 70 faiz kəsib.
Rekord.az xəbər verir ki, bu barədə qafqazinfo.az-a dünya çempionu Milad Beiqi Harçeqani deyib.
O bildirib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra maaşının 70 faizi kəsilib: “Bəli, uğursuzluğa görə maaşımın 70 faizini kəsiblər”.
Məsələ ilə bağlı detallara gəlincə, Milad əlavə açıqlama vermək istəmədiyini qeyd edib: “Bağışlayın, çox şeyi deyə bilmərəm”.
Harçeqani Olimpiadadan onu 1/4 finalda Özbəkistan idmançısı Nikita Rafaloviçə bilərəkdən uduzmaqda ittiham edənlərin olduğunu açıqlayıb: “Bizim bəzi problemlərimiz var. Bəlkə də buna görə nəticələr pisdir. Deyirlər ki, Olimpiadada özbəkistanlı rəqiblə görüşünü satıb. Federasiyada da kimsə bunu demişdi. Bu yalandır, yalan. Eşidəndə çox pis oldum, mənə pis təsir etdi. İdmançı necə olur ki, görüşünü satır? Heç kim üzümə baxıb demirdi. Mətbuatda da kimsə yazmışdı. Deyirlər ki, guya zəif döyüşmüşəm, çünki döyüşümü satmışam. Bu necə ola bilər? Zəif olmaq döyüşü bilərəkdən uduzmaqdır?”
Qeyd edək ki, Azərbaycan Taekvando Federasiyasının Prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur .