Tahir Gözəl: "Bugünkü qələbə mənə xüsusi həzz verdi" MÜSAHİBƏ
- 30 Okt 2021 21:11
- 513
"Qarabağ"ın prezidenti Tahir Gözəl "Neftçi" üzərindəki 4:0-lıq qələbədən sonra jurnalistlərin suallarını cavablandırıb. Rekord.az həmin müsahibəni sizə təqdim edir:
- Tahir bəy, öncə oyunu şərh etməyinizi istərdik...
- “Qarabağ”ı təbrik edirəm, layiqli qələbə qazandıq. Gözəl oyun idi. “Neftçi” haqda hər zaman müsbət fikirdə olmuşam və onlarla oyunlarımızı iki şirin savaşına bənzədirəm. Ötən mövsümü onlar çempion olmuşdular. Ona görə bugünkü qələbə mənə xüsusi həzz verdi. Birinci hissədə gözəl oynadıq və qələbə qazandıq. İkinci hissədə “Neftçi” üstünlük qazanmağa cəhd etsə də, buna imkan vermədik. Əksinə, onların davamlı hücuma çıxmasından istifadə edib dördüncü qolu da vurduq. “Kayrat”la oyuna bu əhval-ruhiyyə ilə getmək bizə çox lazım idi.
- Bu qələbə çempionluq yolunda vacib qələbədi, yoxsa hələ buna çox var?
- Çempionat çox uzun bir yoldu. Ona görə heç vaxt erkən sevinmək olmaz. Heç yadımdan çıxmaz, 1989-cu ildə “Qalatasaray” ilk hissədə “Fənərbağça”ya 3:0 qalib gəldi, amma fasilədən sonra “Fənərbağça” 4 top vurub qələbə qazandı. Futbol belə oyundur. Çempionat uzun marafondu, şərait o qədər yaxşı deyil. Xüsusilə bəzi meydançaları nəzərdə tuturam. Məsələn “Səbail”in ev oyunlarını keçirdiyi meydança. Həmçinin “Keşlə”nin ev oyunlarını keçirdiyi meydança. O cür meydançalarda oynamaq çox risklidir. Buna görə həmin meydançalarda oynayanda bəzən əsas heyət oyunçularımızı oynada bilmirik. Ona görə çox çətindir və biz hələ yolun başlanğıcındayıq. Amma əhval-ruhiyyəmiz yaxşıdı.
- “Qarabağ” avrokuboklarda ilk dəfə qrup səddini aşmaq üçün qapını aralayıb. Sizcə, “Kayrat” səfərində bunu rəsmləşdirmək mümkün olacaq?
- Qurban Qurbanov bu il çox gözəl kollektiv formalaşdırıb. Bu mənada hesab edirəm ki, bu il bunu etmək üçün gözəl şans qazanmışıq və komanda olaraq hamımız bunun məsuliyyətini dərk etməliyik. Məhz bu məsuliyyətlə gedib orda qələbə qazanmaq lazımdır və inanıram ki, bu, olacaq.
- İndiki “Qarabağ”ın əsas gücünü nədə görürsünüz?
- Bəzən bu, bəxtdən asılı olur. Yəni futbolçuların uyğunlaşmasından, tempə düşməsindən çox şey asılı olur. Bu il istər yerli, istər gəlmə futbolçular komandaya tez uyğunlaşdı. Burada isə Qurban Qurbanovun böyük əməyi var. “Qarabağ” özünü yeniləyən klubdu. Burada oturmuş bir sistem var. Bunu qurduğu üçün də Qurban hocaya təşəkkür etmək lazımdır.
- “Qarabağ” qrupdan çıxsa, hara kimi gedə bilər?
- Bunu qrupdan çıxandan sonra demək olar.
- Finala kimi getmək olar?
- (gülür) Niyə də olmasın? Xatirinizdədirsə, bir neçə il öncə biz “Dnepr”lə qrupda gərgin mübarizə apardıq. Sonradan həmin “Dnepr” haralara kimi getdi. Mən bir dəfə də klubdaxili iclasda demişdim ki, artıq özümüzü daha böyük klub kimi hiss etməliyik. Əlbəttə 1/8, ¼ finallarda oynamağın da vaxtıdır.
- Bunun üçün də komandanın güclənməsi çox vacibdi. Qış transfee dönəmi ilə bağlı hansı planlarınız var?
- Bu gün deyə bilmərəm ki, futbolçu axtarışındayıq. Lakin Qurban hoca nə zaman belə bir ehtiyac hiss eləsə, onun istəyini yerinə yetirməyə hazırıq.