Tahir Gözəl: “Komandama inamım sonsuzdu”
- 19 Avq 2020 18:00
- 584
“Qarabağ” 2020/21 avrokubok mövsümünə uğurla başladı.
Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” komandasını 4:0 hesabıyla məğlub edərək növbəti mərhələyə yüksəldi.
Klubun prezidenti Tahir Gözəl də təəssüratlarına qələbədən məmnuniyyətini ifadə etməklə başlayıb:
- Əlbəttə, bu gün komandam qələbə qazandığına görə çox sevincliyəm. “Qarabağ” 5 aydan çoxdur rəsmi görüşdə meydana çıxmırdı. Amma komandamız təcrübəsini, xarakterini ortaya qoyaraq qələbə qazandı. Hocamızı, bütün komandamızı təbrik edirəm. Uğurlu başlanğıc hər zaman əsas hədəfə getmək üçün yaxşı motivasiya sayılır. Hələ yolun başındayıq. Oyundan oyuna performansımızı daha da artıracağımıza inanıram.
- Vurğuladınız ki, 5 ay sonra komanda ilk oyununa çıxdı. Bu qədər uzun müddətdən sonra belə inamlı qələbə gözləyirdinizmi?
- Açığı, mənim üçün komandanın hansı hesabla qələbə qazanmağı heç də əsas deyil. Əla qələbə qazandıq. Amma bu hesab bizi aldatmamalıdı. Vurulan 4 qol bizi arxayınlaşdırmamalıdı. Və ya bu qələbə heç də asanlıqla qazanılmadı. Futbolçular meydanın hər yerində mücadilə etdilər. Bilirik ki, hələ çox işləməliyik, getdikcə bizi daha çətin qarşılamalar gözləyir. Bu qələbədən məmnunam, amma artıq bu oyunu unudub növbəti matçları fikirləşmək lazımdı.
- Ötən mövsümlə müqayisədə komandada ciddi dəyişikliklər olub. Komanda yenilənib və gəncləşib. Sizin hər zaman fikirlərinizdə gənclərə önəm verdiyinizi görmək olar.
- Əlbəttə, “Qarabağ”da nə qədər çox yerli gənc olsa bu olduqca yaxşı olar. Bunu mən həmişə vurğulamışam. Amma unutmayaq ki, “Qarabağ” daim hədəfləri olan komandadı. Uğur yolunda təcrübə mühüm amildi. Bilirəm ki, Qurban müəllim mümkün olduğu qədər gənclərə şans verməyə çalışır. Bu gün heyətimizdə yetərincə gənc var. Qurban müəllimlə işləmək onlar üçün əla şansdı. Mən inanıram ki, onların gələcəkdə Maksim Medvedev, Qara Qarayev olma şansı var. Bunun üçün üzərlərində çalışmalı və hazır olmalıdılar.
- “Qarabağ”la ənənəvi transfer məsələsi sualı var? “Qarabağ”da yeni adlar görə biləcəyikmi?
- Biz dəfələrlə demişik ki, transfer məsələlərində bütün səlahiyyətlər komandamızın baş məşqçisi Qurban Qurbanova aiddi. Bilirsiz, mövcud pandemiya səbəbindən transfer məsələləri olduqca mürəkkəbləşib. Həm çempionatlarda qarışıqlıq eyni zamanda, iqtisadi durumlar futbolçu seçimini, transferini qəlizləşdirib. Amma buna baxmayaraq arayışlar davam edir. “Qarabağ” fəlsəfəsinə, duruşuna və tələblərinə uyğun futbolçuları sıramıza qatmağa çalışacağıq.
- “Qarabağ”ın növbəti rəqibi “Şerif” – “Fola Eş” cütünün qalibi olacaq. Bu mərhələdə yenidən sayca 3-cü dəfə “Şerif”lə qarşılaşma ehtimalı var. Komandamızın bu mərhələdə şansını necə görürsüz?
- Hər nə qədər “Şerif”in şansı yüksək qitmətləndirilsə də, Çempionlar Liqasında matç bitmədən danışmaq düzgün olmaz. Düzdü, “Şerif”in evdə oynadığını nəzərə alsaq, qələbəyə yaxın görünür. Moldovanlarla oynayası olsaq, işimizin heç də asan olmayacağını söyləmək olar. Nəzərə alsaq ki, hər iki halda “Şerif”i məğlub etmişik, bizimlə qarşılamaya əvəz kimi baxa bilərlər. İstənilən halda mən komandama inanıram. Amma yenə də bu haqda oyundan sonra danışmaq daha düzgün olar.
- Mahir Emreli qol vurduqdan sonra əsgər salamı verməklə yadda qaldı. Hücumçunun bununla iyul hadisəsi zamanı şəhid olmuş qəhrəmanları yad etməsini necə qarşıladınız?
- Əlbəttə, bu hadisə məni çox duyğulandırdı. Artıq 17 ildir “Qarabağ”a rəhbərlik edirəm. Və bu müddət ərzində komandadan tək istəyim olub: “Qarabağ”ın, Azərbaycanın naminə meydana çıxdığınızı unutmayın. Klubda mütəmadi olaraq Qarabağ - Azərbaycan həqiqətlərinin mahiyyəti barəsində daim iş görülür. Mahirin bu hərəkəti klubun fəlsəfəsinin, görülən işlərin bariz nümunəsi idi. Əsl “Qarabağ” futbolçusu ölkəsinə, bəşəri hadisələrə duyarlı olmalı və əlindən gələnin ən yaxşısını etməlidi.
- Bu yaxınlarda iyul hadisələri zamanı da “Qarabağ”da oynamış futbolçuların sosial şəbəkələrdə Azərbaycanı dəstəkləməsiylə bağlı təşəkkür ismarıcı vermişdiz. Ümumiyyətlə, klubun bu yöndə davamlı fəaliyyətinin bəhrəsi kimi qiymətləndirmək olarmı?
- Çox sevinirəm ki, komandamızın futbolçuları hansı klubu təmsil etmələrinin fərqindədilər. “Qarabağ”ın formasını geyinən hər bir futbolçu onun hansı bölgəni təmsil etməsini, nəyə xidmət etməsini, formasının “ağır”lığını anlamalıdı. İyul hadisələri zamanı nəinki hazırki eyni zamanda sabiq futbolçularımızın Qarabağa, Azərbaycana sadiqliyini, sevgisini nümayiş etdirdilər. Eyni zamanda 2016-cı il hadisəsi zamanı ordumuzun qəhrəmanlıqları da futbolçularımızın diqqətində və sevgisində idi. Xocalı faciəsi bəşər tarixinin ən ağır səhifələrindən biridi. 26 fevral günü mənim üçün ən önəmli məsələ komandamla bu hadisə qurbanlarının xatirəsini yad etmək və futbolçuların şüurunda bu hadisəyə xüsusi yer etməkdi. Mənim üçün idman başarılarından daha çox idman əxlaqı, duruşu önəmli olub. Əgər bir klubda bunu formalaşdırsan başarılar da gələcək. Mən buna həmişə inanmışam. Respublikamızın Prezidenti Cənab İlham Əliyev “Qarabağ”ı qəbul edərkən “Qarabağ”ın idman nailiyyətləriylə yanaşı duruşunu, mənəviyyatıni xüsusilə vurğulamasını, klubun Qarabağ həqiqətlərinin dünyaya çatdırılması yönündə spesifik rolunu bildirməsi düzgün yolda olmağımızın göstəricisidi. Bu bizi qürurlandırmaqla yanaşı yeni hədəflərə kökləyir. Biz mənəvi gücümü adımızdan, ölkə başçısından tutmuş sadə vətəndaşına qədər bir olan inamından alırıq.
- “Qarabağ”ı bu il yenidən qruplarda görə bilərikmi?
- Mənim komandama inamım hər zaman sonsuz olub. Bəlkə də 10-15 il bundan qabaq kimsə desəydi ki, “Qarabağ” Çempionlar Liqasında oynayacaq, ardıcıl 6 avrokuboklarda qrup mərhələsində iştirak edəcək heç kim ona inanmazdı. Amma o gün də, bu gün də komandama inanıram. “Qarabağ” artıq nəinki Azərbaycanda, eyni zamanda Avropada özünəməxsus bir markadı. İnanıram ki, komandamız yenə də inanılmazı bacararaq uğurlu nəticələr əldə edəcək.