“Qarabağ” futbol üzrə UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bakıda Norveç təmsilçisi “Molde”ni qəbul etməli olsa da, qarşı tərəf COVİD-19 pandemiyasını bəhanə gətirərək Azərbaycana gəlməkdən boyu qaçırır.

Rekord.az xəbər verir ki, "Molde"nin ölkəyə qayıdarkən dövlətin müvafiq qurumları tərəfindən 10 gün karantində saxlama durumunu əsas gətirərək ölkəmizə gəlməkdən çəkinməsi oyunun təyinatıyla bağlı yubanma yaradıb.

“Qarabağ”ın prezidenti Tahir Gözəl baş verənlərlə bağlı klubun rəsmi saytına açıqlama verib:

“Hazırda yaranmış vəziyyət həqiqətən çox üzücüdür. Norveç  tərəfinin bəlli ədalətsizliyi bizi həqiqətən məyus edir. Bu məsələdə "Qarabağ" tərəfi sonuna qədər haqlı olsa da, UEFA Norveç tərəfinin haqsız inadkarlığı nəticəsində oyunun neytral meydançada keçirilməsinə yönəlib. Biz hər zaman ədalətli oyunun tərəfdarı olmuşuq. Püşk bizi Norveçdə oynamağa göndərsəydi, məmnuniyyətlə bunu edərdik. Amma görünən odur ki, qarşı tərəf fərqli bəhanələrlə Azərbaycana gəlməkdən qaçaraq neytral meydanda oynamaq istəyir. Biz nə texniki məğlubiyyət, nə də texniki qələbə istəyirik. AFFA rəhbərliyi ilə müzakirələrimiz nəticəsində qarşılaşmanın 3-cü ölkədə keçirilməsi haqqında qərar verilsə, razılıq verəcəyik. Buna səbəb bizim futbolu bir idman kimi , bu oyunun masa arxasında deyil, yaşıl meydanda olan bir oyun kimi görməyimizdir. Mən komandama inanıram. Və bu qarşılaşmanın yaşıl meydanda qazanılmasını arzulayıram. Qərar nə olursa olsun, komandamın yanındayam və sona qədər dəstəyimi əsirgəməyəcəm".