50 yaş ömürdə çox ciddi keçid dövrüdür. Nə cavanlıqdır, nə qocalıq... Keçilən həyat yolunun ən mükəmməl mərhələsi, başlanğıcıdır...

Güc, təcrübənin vəhdəti günəşlə ay kimi bir-birini əvəzləyir, tamamlayır. Uğurlu-uğursuz, ağ-qaralı günləri, səhərin nə vaxt açılacağı, gecənin nə vaxt gələcəyi əzbər bilinir artıq...

Bu yaşa, təcrübəyə çatana kimi uzun, mübarizəli yollar keçilir. Hər insan bu əziyyətə qatıla bilmir. Biri dözmür, bir başqası iradəsiz olur, digəri isə sınır, rahat yol seçir.

Yaş fərqimiz çox olmasa da, Arif Əsədovun futboldakı illəri gözümüzün qarşısında keçib.

Yeniyetmə çağlarından əziyyətlə qarşılaşıb, qatlaşıb. Bu günlərə mübarizliyinin, döyüşkənliyinin sayəsində gəlib çatıb...

Əzmkarlığı, qalıb ruhuna görə dözülməz rəqabətdən keçərək öz yaş qrupunda SSRİ yığmasının vazkeçilməz futbolçularından birinə çevrilib, dünya çempionluğunu qazanıb, sayılıb-seçilən futbolçulardan biri olub.

Azərbaycanlı futbol oynaya bilir!

Legioner həyatı da yaşayıb, Azərbaycanda aparıcı klublarda söz sahibi olub, kapitanlıq sarğısını daşıyıb. Lider futbolçu, meydanda tam fərqli olduğuna baxmayaraq, kənarda hər zaman təmkinini, davranışını qoruyub, böyük-kiçik yeri bilib...

Hakim-futbolçu kimi yaşıl meydanlarda çox qarşılaşmışıq. Sərt, barışmaz, nüfuzlu futbolçu olmasına baxmayaraq karyeramda ən çox sarı-qırmızı vərəqə göstərdiyim oyunçulardan biri olub. Qarşılıqlı obyektivlik, münasibətlər isə yüksək səviyyədə qorunub saxlanılıb...

Nə qədər tanışlıq olsa da, insanlar bir yerdə çalışarkən daha yaxından bir-birilərini tanıyır, fərdi keyfiyyətləri üzə çıxır. Tale elə gətirdi ki, yaşıl meydanlardakı karyeradan sonra "Neftçi"də birgə çalışdıq, ünsiyyətdə olduq.

Klub prezidenti Sadıq Sadıqovla "Neftçi" ənənələrinə uyğun klubun 3-5 illik strategiyasını müəyyənləşdirərkən, ümumi fikrimiz qəti idi, ancaq yerli baş məşqçilərə üstünlük vermək, çalışmaq.

Gənc Arif Əsədovun üzərində dayanıldı. Onsuz da "Neftçi"də idi, əvəzedicilərlə uğur qazanmışdı, gənc futbolçularla çalışmağı sevirdi. Ölkə futbolunda tüğyan edən 23-25 yaşlı "gənc futbolçular" stereotipi 17-19 yaşlı futbolçuların çempion heyətdə oynadılması ilə dağıdıldı.

Səviyyəli çempionatda İddialar tək daxildə çempionluqlar, kuboklar deyildi, Avropaya rəqaətədözümlü komanda yaradılmalıydı. Mütləq strateji xətt-klub öz yetirmələrinə üstünlük verməli, azsaylı keyfiyyətli legionerlərlə yerli gənclərin vəhdəti yaradılmalıydı...

Çətin dövr idi. Komanda yenidən qurulmalı idi. Baş məşqçimizin ilk işi idi. Təbii, təcrübəsizlik bəzi hallarda özünü göstərirdi. Birgə fəaliyyətlə uğurlu yolun başlanğıcı davam etdirilirdi. Biz Bəxtiyar Musayevlə Braziliyaya, Arif Əsədov Elnur Əşrəfoğlu ilə Avropaya səfərə çıxdıq.

Arif müəllimin ən üstün keyfiyyətləri özünə, köməkçilərinə, futbolçulara qarşı tələbkarlığı, intizamı ilə yanaşı, çəkinmədən 18-19 yaşlı futbolçulara əsas heyətdə yer verməsi, meydanda sona kimi mübarizə tələb etməsi qeyd olunmalıdır.

Arif Əsədovun xarizması, özünəhörməti, futbolçularla məsafə saxlaması, davranışı, məşq prosesinə nəzarəti çox yüksək idi. Klub səviyyəsində baş məşqçi kimi ilk addımları olsa da, rəhbərliklə münasibəti, subardinasiyası da yerində idi. Futbolçu dönəmində olduğu kimi məğlub olmağı qəbul etmirdi...

Arif Əsədov "Neftçi"də mükəmməl təcrübə qazandı. İndi də fəaliyyətini davam etdirir. Məşqçi kimi potensialını hələ tam açmayıb. Uyğun məkan, futbolu bilən idarəçilik, öz üzərində daimi çalışmaq, inkişaf etmək mütləqdir. Məşqçi kimi buna imkanları yetərincədir...

Bu illər ərzində yığılan əvəzolunmaz təcrübə yaxın 10 illikdə Arif Əsədovun peşəkar fəaliyyətində müsbətə doğru dönüş olmalıdır.

Yetər ki, Azərbaycan futbolunda köklü islahatlar aparılsın, şərait yaradılsın.

Arif Əsədov köməkçi məşqçi tramplinini çoxdan aşıb. Yaxın illərdə baş məşqçi kimi yenidən yaşıl meydanlara dönülməlidir.

Yeni ideyalarla yeni nailiyyətlərin qazanılması üçün. Təcrübə, güc, mənəvi dəyərlər buna imkan verir...

50 illik cavanlıq yubileyin mübarək olsun, Arif Əsədov!

Daha böyük uğurlar, yubileylər arzusu ilə...

Tahir Süleymanov