Tahir Süleymanov Arzu Mirzəyevdən yazdı
- 04 Sen 2020 16:00
- 935
Müstəqilliyimizin ilk illəri idi. Bakıya təşrif buyurmuşdu. Xeyli müddət paytaxtda qaldı.
Hələ "Şəfa" stadionu inşa edilməmişdi. Demək olar hər gün keçmiş "Termist" stadionuna yığışar, məşqlərimizi edər, axşam da geniş çay süfrəsi ətrafında səmimi söhbətləşərdik...
Çox sadə insan idi. Deməzdin ki, "Neftçi"nin heyətində vazkeçilməz, "motor" futbolçulardan biri olub. Yaşamağa, 5-10 manat qazanmağa şərait yaradılmışdı. İmkan vermirdik darıxsın...
Çempionat oyunlarını idarə edə-edə hakimlərdən ibarət komanda yaratmış, Həvəskarlar liqasında da oynayırdıq. Əlimizə fürsət düşmüşdü, referilər olsa da, belə "legioner" göydəndüşmə idi...
Zarafatlarından da qalmazdı. Oynamağı təklif edəndə: "Niyə oynamıram ki? Elə bilərəm yenidən Belanova, Dasayevə, Zavarova, Çerenkova qarşı meydana çıxıram. Həvəskarlar çempionatındakı futbolçular onlardan əskik oğullardı"?
Aylarla günlərimiz belə keçdi. Məşhur futbolçumuzu daha yaxından tanıdıq, bütün kollektivlə dostlaşdı, bir mətbəxdə olduq. Elə olurdu ki, imkan vermirdi:
- Samovarı qaynadıb çayı da özüm dəmləyəcəm.
Arada yaxşı yemək bişirməyi də var idi. Saatlarla söhbətlərindən doymaq olmurdu. Sonra yenidən Gəncəyə qayıtdı, başı işə qarışdı, məşqçilik etdi. Sadəliyi, gülərüzlüyü ilə yanaşı baş əyməyi də yox idi, qəbul etməzdi...
Futbol getdikcə cılızlaşır. Ölkə futbolunda iz qoymuş daha bir usta futbolçumuz birdəfəlik getdi. Biganəlikdən, qayğısızlıqdan küsüb, baş götürüb getdi. Bir daha qayıtmayacaq, səsi gəlməyəcək...
Arzu Mirzəyev öz gözəl oyunu ilə Azərbaycan futbolunda ad qoyub getdi... və amansız ölüm 60-ı haqlamayanların cərgəsinə qovuşdurdu...
Özü getsə də, izi qaldı. Futbol durduqca, Arzu Mirzəyevin oyununu görmüş milyonlarla azarkeşin qəlbində əbədi yaşayacaq!
ALLAH RƏHMƏT ELƏSİN!
Tahir SÜLEYMANOV