Tahir Süleymanov: "Azərbaycanla oyun "ədalət"in bərpa olunması anı idi"
- 14 Okt 2019 14:20
- 918
Sabiq FİFA referisi Tahir Süleymanov "Avro-2020"nin Macarıstan - Azərbaycan matçında (1:0) millimizin qolunun qeydə alınmamasına münasibət bildirib.
Rekord.az xəbər verir ki, o, bununla bağlı Feysbuk səhifəsində yazıb:
"Milli necə çıxış etdi, hər kəs gördü. Ümumi oyunun təhlili başqa mövzudur. Sonda gələn qolla bir xal qazanılmalıydı. Bəhlul Mustafazadənin vurduğu qol çox müzakirə edilir. Qol "səhv" adıyla qeydə alınmadı. Öncədən gözlənilirdi. Macarıstanın Slovakiya ilə ev oyununda böyük qalmaqallar yaşanmışdı. Hakim idarəçiliyi ədalətsizliyinə görə. Macarlar açıq-aşkar sıxılmış, uduzdurulmuşdu. Oyun gedə-gedə, matçdan sonra etirazlar aşıb-daşırdı. Buna görə UEFA mədəni Avropada Macarıstan millisini, federasiya, stadionu cərimələmiş, tribunalar fanatların üzünə qapanmışdı. Belə qarşılaşmalardan sonra "kompensasiya" mütləq olur. Xorvatlarla matç münasib deyildi və səfərdə idi. Macarların evdə Azərbaycanla görüşü əsl "ədalət"in bərpa olunması anı idi. Belə də oldu. Hakim idarəçiliyi baxımından çətin oyun deyildi. Belə görüşləri bir epizod həll edir. Epizod isə çox asan sezilirdi. Bəhlul Mustafazadəni, əlini-qolunu görmək üçün hakimlərə heç nə mane olmurdu".