Tahir Süleymanov kimləri həşərata bənzətdi?
- 10 Yan 2020 13:00
- 979
Yeni əsrdə növbəti, yeni onilliyə qədəm qoyuruq... 10 il bizə futbolda tarixi anlar, xəyal görünən ilk qrup uğurlarını, Çempionlar Liqasının canlı himn sədalarını da yaşatdı, təəssüf ki, neçə-neçə iddialı klubumuz da dağıldı...
Təzaddır. Bir tərəfdə çökən futbol, digər tərəfdə böyük futbolun nümunələri... Konfraslar, iclaslar keçirə-keçirə yaxın illərdə Konfrans Liqasına da qədəm qoyulacaq. Bəyənilməyən Avroliqa xəyal görünəcək artıq...
Biz(lər) itirəndən sonra dəyər verməyi bacarırıq. UEFA klub reytinqində ilk 20-yə yetişmişdik. 5 pillə də önə çıxmaq, böyük Avropa futbolunun tamhüquqlu sakinliyi demək idi. İndi isə geri, 30-a yaxınlaşmışıq...
Millidən danışmağa dəyməz. Əsrin ilk iki onillikləri Azərbaycan futboluna olmazın şanslar bəxş etdi. Təsadüflərin futbola daraşması, daxili intriqalar, şəxsi məqsədlər layiq olduğumuz yerlərə qalxmağa mane oldu, imkan verilmədi, qızıldan qiymətli zaman itirildi...
Yeni onillik Avro-2020 ilə başlayacaq. Azərbaycansız böyük futbol Azərbaycana, paytaxtımıza gələcək. Səviyyəni yenidən əyani görmək, zirvələrə can atmaq üçün əlavə bir şans qazanılacaq. Bir şərtlə, onilliyə yeni futbol təfəkkürü ilə qədəm qoyulsun...
Bu, tək futbola aid deyil, bütün sahələrdə inkişafa doğru irəliləməliyik, qələbələr qazanmalıyıq, uğursuzluqları unutdurmalıyıq.
Bunun üçün ilk olaraq sözdə yox, əməldə birliyimiz təmin olunmalı, hər kəs bacardığı sahədə çalışmalıdır...
Futbol komanda oyunudur. Peşəkar futbolun bütün kmpanentlərini nəzərərə almadan, həmrəylik yaradılmadan yaşıl meydanlarda böyük qələbələrin qazanılması mümkünsüzdür.
Ölkə miqyasında da ancaq birlik Azərbaycanı daha da ucalda, layiq olduğu zirvələrə gətirə bilər...
Yeni onillik mərhələsində xalqımıza uğurlar, məmləkətimizə ruzi-bərəkət, torpaqlarımızın azad olunması, digər sahələrdə, idman növlərində böyük qələbələrlə yanaşı Azərbaycan futbolunun da Avropa və dünya çempionatlarının final mərhələsini arzu edirəm...
Tahir Süleymanov