"Neftçi" yay hazırlıq mərhələsində Rusiyada keçirilən turnirdə 3, "Spartak"la 4-cü matçına çıxsa da, bəlli duruma görə, son 2 görüşü ilk qarşılaşmalar kimi saymaq olar. Təlim-məşq toplanışlarında nəinki hər oyun, hər məşq günü, saatı böyük önəm daşıyır...

Klub daxilində pərakəndəlik, çoxtirəlik, futbol idarəçiliyinin bərbad halda olması, gecikmiş baş məşqçi təyinatı, göndərilən/gətirilən legionerlər, heyətin komplektləşməməsi, strateji, taktiki operativsizlik mövcud şəraiti yaradıb. Bu barədə çox yazılıb, çox danışılıb...

Eyni ölkədən bir dəstə məşqçi yola salındı, digər çalışdırıcı korpus onları əvəz etdi. Mutunun gəlişi, şəxsi həyatı, vaxtilə qitədə özündən söz etdirən futbolçu karyerası çox müzakirə olundu. 44 yaşına kimi 5-6 ilə bir o qədər komanda dəyişmiş mütəxəssis, azərbaycansayağı "gənc məşqçi", "futbolçu-məşqçi" kimi təqdim olundu.

Nə yaxşı ki, Mutu, bu tipli təqdimatdan, yanaşmadan eyforiyaya qapılmayıb, ilk gündən iddialı danışmağa başlayıb, özünü sığortalamır, hələ ki, bəhanələr gətirmir, təmkinli, inamlı davranır. Təki baş məşqçi artan trayektoriya ilə işini davam etsin, iddialı açıqlamaları əməldə öz təsdiqini tapsın, verdiyi sözləri unutmasın!

Fanat/azarkeşlər hər mövsüm yeni təyinatlara, transferlərə sevinir, gələcəyə ümid çırağı kimi baxır. Klub strategiyası, futbol idarəçiliyi ilə bağlı təhlillərimizi, atılan addımlara uyğun, sonra edərik, indidən tərəfdarların ümidsizliyə qapılmasını istəmirəm. Sonda "Neftçi"nin iki matçını ümumi təhlil etməklə, məşqçilərə olan münasibətdə zəruri qeydlərə ehtiyac var.

***

Mutu dünya futbolunda tanınan simadır - futbolçu kimi... Avropa səvıyyəsındə yanaşmadan söhbət gedirsə, futbol tarixində gənc məşqçi nümunələrinin bəzilərinə nəzər yetirək. Avrokubokları qazanmış həqiqi gənc məşqçilər:

1. Andre Villaş-Boaş - 33 yaş
2. C. Vialli - 33 yaş
3. S.Y. Eriksson - 34 yaş
4. V. Fernandes - 34 yaş
5. Y. Rife - 36 yaş
6. X. Bilyalonqa - 36 yaş
7. H. Quardiola - 38 yaş

Avrokubok finallarına komandaları daşımış gənc məşqçilər:

1. B. Hyuton - 31 yaş
2. R. Qomes - 32 yaş
3. M. Zammer - 34 yaş
4. Y. Xeynkes - 35 yaş
5. S.Y. Eriksson - 35 yaş

Dünya futbolunun dahi məşqçiləri sırasında ilk 10-luqda yer alan V.Lobanovski 36 yaşında avrokubok qazanıb. Azərbaycan futbol məktəbinin yetirməsi Əhməd Ələsgərov 30-38 yaş arası müxtəlif komandalarla medallar, nailiyyətlər əldə edib. Zamanında "Neftçi"yə gətirdiyimiz gənc Ruben Seles İngiltərə Premyer Liqasına kimi gedib çıxıb...

Almaniya Bundesliqası gənc məşqçilərə ən çox şans verən çempionatlardan biridir... Haqelsman, Volf, Tadesko, Koffeld kimi zamanında şans qazanmış "yeniyetmə" çalışdırıcılardır. Siyahını genişləndirmək də olar... Ən mənfisi, futbol ictimaiyyəti arasında "vaxtilə qocalar məşqçilik edib" anlayışının bərqərar olmasıdır. 30-40-50 il öncə də bacarıqlı gənclərə şans verilirdi, bu gün də...

İstedad, ağıl, bacarıq yaşda deyil, başdadır. İstəyir gənc olsun, istəyir ağsaqqal - peşəkarlıq öndə olmalıdır. Yaşlı nəsilə qarşı "diskriminasiya" olmasın, daha bir siyahını təqdim edək, fikirlərimizi faktlarla əsaslandıraq.
Avrokubokları qazanmış ən yaşlı məşqçilər:

1. R. Qutals - 71 yaş
2. Y. Heynkes - 68 yaş
3. A. Ferqyuson - 66 yaş
4. B. Robson - 64 yaş
5. D. Feqan - 64 yaş
6. M. Luçesku - 63 yaş

Bu siyahıya Aroqones, Ançelotti, Venger və digər yaşlı məşqçiləri də əlavə etmək olar. Göründüyü kimi, üstünlük "gəncə/qocaya" yox, bacarığa, iş qabiliyyətinə verilməlidir. Moskvada "Spartak"la oyunda "Neftçi"nin 44 yaşlı "gənc" çalışdırıcısının qarşısında 32 yaşından klubda baş məşqçi olan 34 yaşlı "uşaq" həmkarı dayanmışdı...

Azərbaycan futbolunda ada aldanmaq məsələsi, hətta sitayişi özünə möhkəm yer edib. Ölkə futbolu son 15-20 ildə belə yanaşma ilə kimləri görməyib ki?! Mutu adına görə Pelenin kapitanı olmuş Torresdən, Foqtsdan, Prosineçkidən, "Torqovı"dakı "dır-dır"dan sonra böyük futbola "qaytarılan" Esyendən daha üstün, karyeralı futbolçu olmayıb...

Mutu məşhur olsa da belə, mövzu futbolçuluq yox, məşqçilikdir... Toşaklar, gedelər, adamslar, dənizlilər, büləntlər, syominlər, "gəncli-ahıllı" kimlər gəlib keçməyib, bu məmləkətdən. İlk öncə məşqçilik fəaliyyətinə, işə olan münasibətə qiymət verilməlidir!

Rumın çalışdırıcının ilk addımlarında "Neftçi"də nə etmək istədiyinə nəzər yetirək. Transfer istəkləri, klub idarəçilərinin özləri üçün sərfəli variant olaraq kənara çəkilməsi öz yerində. Son iki oyun hansı məqamları göstərdi, üzə çıxardı...

***

İstər "Fənərbaxça(e)", istərsə "Spartak"la oyuna "Neftçi" demək olar eyni heyətlə çıxdı. Tək yenilik, yeni transfer Matias idi. İlk olaraq, xüsusi vurğulanmalıdır, Mutu seytnot vəziyyətdədir, bu baxımdan onun heç bir günahı yoxdur, klub olaraq çox gecikilib...

Rumın mütəxəssis komanda ilə tanış olduqdan sonra, futbolçuların fiziki/funksional/psixoloji/taktiki hazırsızlığı ilə üzləşib. Üstəgəl, öz fəlsəfəsini, taktiki sxemini tətbiq etməlidir. Vaxt çatışmazlığını nəzərə alaraq, əldə olanlara uyğun əsas heyəti müəyyənləşdirərək qarşıdan gələn rəsmi oyunlara köklənib artıq...

"Neftçi" olaraq vaxt itirilib, yükləmələr fonunda yoxlama oyunlarının keçirilməsi mümkün deyil.
Diqqətdən kənar qalsa da, "Neftçi" məlum turnirdə həftəlik sıklla(!) çıxış edirdi, sanki çempionatda oynayırdı. "Zenit", "Srvena Zvezda", "Fənərbaxça(e)" öz hazırlıq planlarına uyğun oynayırdılar, tək "Neftçi"nin qrafiki 1-15 tarixinə uzadılmışdı.

Klub turnirə görə təlim-məşq toplanışını birmənalı olaraq hədər verdi. Klub başbilənləri ən azından rəqiblər kimi hazırlıq planını tənzimləməli, az oynayan futbolçular üçün əlavə sparrinq-matçlar təşkil edilməli idi. Bunun əvəzinə açıqlama verilirdi ki, "Zenit"lə açılış matçına görə bir məşq təxirə salınıb...

Bu yanlışlıqlara görə son oyunlarda futbolçular yüksək tempdə ilk 30 dəqiqə, maksimum bir hissə dözə bilirdilər. Reallıqda isə, hazırlığın son mərhələsində komanda/futbolçular daha optimal vəziyyətdə olmalı idilər. Belə durumda Mutu riskə getdi. Məcbur idi...

Türklərlə oyunda əsas heyət 65-70, ruslarla matçda 70-80 dəqiqə meydanda "döyüldü".
Baş məşqçi bilərəkdən futbolçuları oyunlarda "sillələtdirdi". Vaxt olmadığına görə məşqlərdə verə bilmədiyi yükləmələri, güclü rəqiblər qarşısında təbii "naqruzka" ilə nisbətən təmin etdi. Nə yaxşı ki, futbolçuların dili çıxsa, nəfəsləri boğulsa da, ciddi zədələrsiz ötüşdülər.

Mutunun seçdiyi start heyəti, taktiki quruluşu ikinci planda oynamaq üçün deyil. Baxmayaraq ki, rəqiblərlə görüşlərdə futbolçular əsasən topsuz qaçmaq məcburiyyətində qalır, müdafiə olunmağa məcbur olurdular. Baş məşqçi bunları bilirdi və yeni yetirmələrini meydanda "çerez ne moqu" tərpənməyə məcbur edirdi...

Üstün cəhət, güclü komandalar qarşısında "döyülüb" yükləmələr aldıqdan sonra, Konfrans Liqası startında daha zəif rəqiblə oyun asan görünə bilər. Əgər komanda qalan bir həftədə özünə gələr, düzgün istiqamət götürərsə...

Mənfi tərəfi, Mutu potensial rəqiblərə qarşı hansı heyətlə, taktiki quruluşla çıxış edəcəyini göstərmiş oldu. Qarşıdan gələn rəsmi oyunlarda "Neftçi"yə qarşı necə çıxış etmək lazımdır planı üçün, son iki matç əyani və əvəzolunmaz vəsaitdir. Təbii, rumın da rəqibləri görəcək və incələyəcək...

Baş məşqçi qısa vaxtda futbolçuları özünə tabe etdirməyi bacarıb. Sürətli, dinamik, hərəkətli oyun üslübuna, hücum futboluna üstünlük verməyə çalışır. Futbolçuların potensialına görə deyil, öz oyun fəlsəfəsinə uyğun addım atır. Burada "Neftçi" müəyyən, ciddi rəqiblərlə böyük problemlər yaşaya bilər...

Komanda tam komplektləşməyib, futbolçular klub idarəçiliyi bəhanələri ilə illərdi yadırğayıb, təcrübəlilər yola verir, gənclər "Neftçi" səviyyəsinə uyğun deyil. Turnirdə rəqib komandaların yeniyetmələri "Neftçi"nin qapısına qollar vururdu. Yerli, legionerlərin bir
çoxu yeni çalışdırıcının tələblərinə cavab vermir və verməyəcək...

Komandada mövqelər üzrə komplektləşmə, balans acınacaqlı haldadır və böyük hədəflər üçün deyil. Bu, büdcə, maliyyə məsələsi yox, futbol bacarıqsızlığının nəticəsidir. Orta sahədə üstünlük verilən Eddi-Mahmudov-Ozobiç triosunun toplam 100-ə yaxın yaşı var. Müasir futbolun sürətinə, bu oyunçular bir yerdə çıxış edərək, ən yaxşı formalarında belə dözə bilməzlər, ancaq zəif rəqiblər qarşısında faydalı ola bilərlər...

Nisbətən Lebonu çıxmaq şərti ilə, cinah futbolçular Mutunun oynadacağı, tələb etdiyi sistemə uyğun deyil. "Spartak"la görüşdə 45 dəqiqə(!) ərzində hər iki tərəfdən bir cinah hücumu, kəsərli reyd təşkil edilmədi. Bir çox futbolçuların ustalıq səviyyəsi, taktiki anlayışları aqressiv, hücumameylli oyun tərzinə yaddır...

Ən yaxşı müdafiə hücumdur, hücum isə müdafiədən başlayır. Saldanya öndə tək qalır, "Neftçi"nin müdafiəsi isə nəinki hücuma dəstək, top saxlamaq, ilk ötürmələri etmək, hücumu başlamaq, öz müdafiə funksiyalarını yerinə yetirməyə acizdir. Sinxronluq, bir-birini sığortalama, xətlərarası əlaqədən, sabitlikdən isə danışmağa dəyməz...

Mutunun bir həftəlik işi nəyi göstərdi? Yüksək tələblər qarşılığında "Neftçi"nin hansı vəziyyətə salındığını nümayiş etdirməklə yanaşı, baş məşqçinin oyun intizamına xüsusi diqqət etdiyini, futbolçulardan maksimum tələbkarlıq,
meydanda sona kimi mübarizə aparmaq istəyi...

Mutunun elə bir məşqçi uğuru olmasa da, "Neftçi" karyerasına çalışdırıcı olaraq son şans kimi baxdığı hiss olunur. İddialı açıqlamaları, ilk gündən hazır olmayan komandanı toparlamağı da bunu göstərir. Klubda heç bir idarəçi köməyi, baş məşqçinin futbol fəlsəfəsinin anlaması, dərk edilməsi olmayacaq, indiki məqamda, bu, mümkün də deyil. Çalışdırıcı təkbaşına "Neftçi" yükünü, ağırlığını daşıya biləcəkmi, zaman göstərəcək...

"Neftçi" adına uğurlar olsun!

 

Tahir SÜLEYMANOV