Futbol, milli ruh, dövlətçilik, siyasət, diplomatiya və bu gün...

Heç bir hadisə səbəbsiz baş vermir. İstənilən sahədə peşəkarlıq, qətiyyət, siyasət, diplomatiya milli ruhla vəhdət təşkil etmirsə, axsaqlıq(lar) özünü mütləq göstərəcək. Faiz meyarı, bacarıq/bacarıqsızlığın dərəcəsindən asılıdır.

Cəmiyyət parçalanıb. İndi yox, çoxdan baş verib, 30 ildir artıq. Bir tərəfdə əzilməz, tükənməz, əyilməz xalqımız, digər tərəfdə də 40-dan çox siyasi partiya. Hərə bir tərəfə dartır...

Liqamızda cəmi 8 klubumuz var. Onların da bir çoxu sünidir. Ruhsuz futbol ideologiyası ilə köklü klublar çoxdan dağılıb/dağıdılıb.

Heç kim milli ruhda olan oğullarımızı günahlandırmağa tələsməsin.. Qanuni/qanunsuz, onlar ayrı-ayrılıqda özlərini, həyatlarını, bizneslərini müdafiə etmirlər, AZƏRBAYCAN XALQININ ADINI, ŞƏRƏFİNİ bildikləri, bacardıqları kimi qoruyurlar!

Metodlar fərqli olsa da, günah ilk növbədə onlarda deyil. Təbii, döyüş meydanı, istiqamət ancaq Qarabağ, cəbhə bölgələri olmalıdır.

XALQ HEÇ VAXT GÜNAHKAR OLMUR!

Gürcüstanın "Çixura"sı "Bursaspor"u yaşıl meydanda yox, faktiki olaraq güc, nifrət, qonaq jurnalistlərə kimi təzyiq edərək psixoloji olaraq rəqibi sındırıb, adlayıb qarşımıza çıxmışdılar...

Ağızlarında şirə qalmışdı, eyni ssenarini "Neftçi"yə, bizə qarşı da etmək istəyirdilər.

Bakıda, tribunada siyasi, torpaq iddiası olan baner qaldırdılar.

Fanat, azarkeşlər, xalqımız möhtəşəmdir!

Etiraz olaraq tribunalar ayağa qalxdı.

Müvafiq qurumlarla birgə xalqa dəstək verildi, birlikdə təxribatçılar hərtərəfli yerlərində otuzduruldular.

Oyundan sonra generalımızın təfsilatına varmağa məsləhət bilmədiyim hərəkəti qürurverici idi. Gecə saatlarına kimi təxribatçıların yalvarışlarını seyr etməyə dəyərdi.

Milli ruh, ümumi birlik, təşkilatlanma olanda - nəticə müsbət olur!

Qanda ruh varsa, hətta bəzi hallarda, vəziyyətə uyğun emosiyaları cilovlamaq da çətindir.

Vətənpərvərliklə qanunu, siyasi-diplomatik gedişləri, azarkeş(xalq)ı birləşdirmək vacibdir. Necə ki, cavab görüşündə bunlar artıqlaması ilə həyata keçirildi. İstər kənarda, istərsə meydanda qələbə təmin edildi.

O günlərdə cəbhə bölgəsində şəhidlər vermişdik. Eyni zamanda məşhur futbolçumuz Ələkbər Məmmədov dünyasını dəyişmişdi. UEFA, Gürcüstanın rəsmi dairələri, rəqib komanda ilə danışıqlarımız nəticəsində görüş bir dəqiqəlik sükutla başlayacaqdı. Oyundan öncə də bir daha yerində rəsmi təsdiq edilmişdi...

25-30 minlik dolu stadionda minlərlə erməninin də olacağı məkanda şəhidlərimiz ehtiramla yad ediəcəkdi. Yüzlərlə qorxmaz fanatlarımızı təzyiqlərdən qoruyaraq bir-bir tribunalara yola da salmışdıq.

Və... bir dəstə AFFA ideoloqu Tbilisiyə təşrif buyurdular. Başlandı nə başlandı...

Zəng zəng dalınca, məmur təzyiqləri pik həddə çatdı.Tələb, "bir dəqiqəlik sükut olmamalıdır".
Bilmirdik oyuna hazırlaşaq, qələbəni düşünək, yoxsa sapı özümüzdən olan baltalara UEFA-nın rəsmi razılığını, milli ruhu sübut edək.

Son dəqiqələrə kimi əl çəkmədilər və biz "düşmən" olduq.

Gürcüstanda tək yaşıl meydanda qələbə qazanılmadı, qonşularla aylarla aparılan yeni tranzit müqaviləsinə imza atılmırdı, qiymətlər qaldırılırdı. Futbolun, qətiyyətin, rəsmiyyətin, atılan addımların sayəsində donmuş strateji məsələ dərhal öz həllini tapdı.

İndi deyilənə görə Gürcüstandan düşmənlərə tranzit silahlar ötürülür.

Eyni insanlar futbol ideologiyalarını bu gün də davam etdirirlər. Belə "ideoloqlar" bütün sahələrdə yetərincədir. Son sərəncamlar, diplomatiyadan tutmuş, mədəniyyətə, icra orqanlarına kimi üzə çıxan, gec də olsa qarşısı alınan faktlar buna sübutdur.

Günah milli ruhu, Azərbaycanı istənilən imkanlarla qoruyan mərd oğullarımızda, onların siyasi, diplomatik savadsızlığında deyil, futboldan tutmuş bütün strukturlara kimi yeridilmiş, kök salmış, şəbəkələşmiş "mədəniyyət, sülhsevərlik, diplomatiya" pərdəsi altında gizlənənlərdir.

Milli ruhun oyanışını boğmaq yox, daxildə hörümçək toru kimi şaxələnmiş düşmən yuvaları təmizlənməlidir.

Hadisələr, on illərdi dövlət ideologiyasını, kadr siyasətini aparanların aradan götürülməsindən sonra başlayıb, vəziyyət gərginləşib.

Xarici, daxili kizli kəşfiyyat nə qədər çalışsa da, xalqın iradəsini qıra bilmədi.

Sosial şəbəkələr böyük qüvvədi. Son olaylar bunu bir daha göstərdi.

3-5 il öncə "ideoloq"lar sosial şəbəkə/medianı "avara yığını", "yerimizə göz dikənlər" adlandırırdılar. Bu gün də tör-töküntü agentura yığını öz əməllərindən əl çəkmir...

Azərbaycan, gələcək qələbələrimiz adına təmizləmə işləri qətiyyətlə davam etdirilməlidir.
Bu yöndə atılan hər bir doğru, əməli addım dəstək görəcək.

Asan məsələ də deyil.

Vaxtilə Moskvanın göbəyində, KQB-də, hərbi kəşfiyyat idarəsində 25 il rus generalı Amerikaya işləyib.Eynilə ÇRU-nun yüksək çinliləri əks tərəfə, Rusiyaya çalışıb.

Azərbaycan hər tərəfdən düşmənlərlə əhatə olunub, bütün sahələrə iliyinə kimi satqın, məkrli kadrlar yerləşdirilib.

Milli ruhu, bacarığı, təcrübəsi, perspektivi olanlar dərhal aradan götürülüb, xalqı düşünməyənlər planlı şəkildə vəzifələrə gətirilib.

Nə qədər çalışsalar da, tam məhv edə bilməyiblər, vətənsevər, dəyərli kadrlarımız bu gün də yetərincədir.

Azərbaycan xalqının min illərlə formalaşmış genetik ruhu, iradəsi, mərdliyi isə hər zaman möhkəmdir. Yetər ki, dövlət, dövlətçilik, xalq adına dəstəyi olsun.

"Hücum diplomatiyasına" tam keçid üçün köhnə, Azərbaycana yad, düşmən mövqedə olan ideoloji təbliğat mexanizmini birdəfəlik məhv edib sıradan çıxarmaq mütləqdir.

İllərdi futbolda müdafiə, məğlub psixologiya yeridildiyi, kağız üzərində 200 min saxta futbolçu yetişdirildiyi kimi, daha mühüm sahələrdə də oxşar durumdur.

Milli ruhu olmayan, loyal mövqedə duranlara belə nə müharibə, nə Qarabağ, nə torpaqlar lazım deyil. Onlara rahat həyatları sərfəlidir.

Xırdalı-böyüklü, hər bir vəzifəyə gətirilənlər xüsusi yoxlamadan keçirilməlidir.

Bacarıqla yanaşı, sözdə deyil, əməldə milli təəssübkeşliyi, vətənpərvərliyi olmayanlara yer verilməməlidir.

Ancaq bu halda mərd oğullar küçələrə axışmayacaq, başsız, pərakəndə qalmayacaq, təşkilatlanma olacaq, təxribatlara uymayacaqlar.

Dünən nə olub-olub. Emosiyalar öz yerində, bütün sahələr üzrə Azərbaycanın sabahı, gələcəyi naminə xalqı, dövləti düşünən həqiqi beyinlər tərəfindən dərin təhlillər aparılmalı və onlar üçün şərait yaradılmalıdır.

Müharibədə, səngərlərdə 70-80 yaşlarında vəzifələrdən, rahat kreslolardan, deputat mandatlarından, "ziyalı" kürsülərindən əl çəkməyənlər, onların törəmələri, davamçıları deyil, bu gün xalqı öz milli ruhları ilə müdafiə edən oğullarımız döyüşəcəklər.

Azərbaycanın siyasi-diplomatiyalı, "palitoloq-ideoloq" poladlara yox, bütün strukturlarda bacarıqlı, xalqı, dövləti, dövlətçiliyi düşünən, Vətən yolunda canlarından keçməyə hazır olan igid poladlara ehtiyacı var!

 

Tahir SÜLEYMANOV