“ARB Aran” Media Şirkətinin dəstəyi, Aydan Əhmədova, Qənirə Qurbanlı, Əminə Həsənli, Tahir Tahiroviç, İqbal Məmmədəliyev, Pərviz Səlimov və başqalarının əməyi sayəsində çəkilən "Zəif"in gücü" sənədli filmi bugünlərdə publikaya təqdim olunub. Film “Neftçi”nin mərhum baş məşqçisi Böyükağa Hacıyevdən bəhs edir. Həmin vaxt, yəni Sadıq Sadıqovun prezidentliyi dövründə vitse-prezident kimi çalışan Tahir Süleymanovun “feysbuk” hesabında filmlə bağlı yazdığı statusun altında müzakirə açılıb. Belə ki, “Neftçi” azarkeşi olduğu görünən Fərrux İbrahimov bu sözləri yazıb: “Şkenderbü”nü uda bilmədiyini, “Partizan”a 2:0-dan 2:3 uduzmağını da unuda bilmirəm. Hələ “Partizan”la Bakıdakı oyunu “Tofiq Bəhramov”a salan “ağıllılar”ı demirəm”.


Tahir bəyin bu fikrə reaksiyası isə daha maraqlı olub: “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi. Millinin oyunları bəhanəsi ilə “8-ci km” üzümüzə bağlandı, mərkəzi stadion isə qumluq-bostanlıq idi. O dövrdə başqa stadion, variant yox idi. "Neftçi"ni dağıtmaq istəyənlər - necə ki öz vəzifə, imkanları ilə bunu etdilər - bilirdilər ki, komanda yenidən qrupa düşsə, toxunulmaz olacaq. Səfərdə 17-ci dəqiqədə 2:0 önə çıxmağımıza baxmayaraq, məğlub olsaq da, 1 top fərqi ilə qələbə də bəs edirdi. Texnikalı komanda üçünsə o meydanda oynamaq faciə idi. Bizim oyundan dərhal sonra qazon tam yeniləndi. Bunu bir həftə öncə etmək olmazdı? Bizim qrupda olmağımız heç kimə sərf etmirdi...


UEFA-nın tələbləri yüksək olsa da, tövsiyə həmişə belə olur: 10 faiz də şans varsa, matç keçirilməlidi. Avropa futbol təqvimi sıx qrafikdə keçirilir və klub səviyyəsində oyunların təxirə salınması çətinliklər yaradır. Digər tərəfdən bunu ölkə özü düşünməlidi. Ot örtüyü səhv etmirəmsə 3 həftə, bir ay öncə nisbətən normal durumda idi. Sanki maraqlılar bilərəkdən etdilər. Bu, bir təxribat idi. O vaxt stadionun direktoru, rəhmətlik Akif müəllim dəfələrlə xahiş etdi ki, belə qazonda futbol oynanılmaz. Hətta mənimlə dəfələrlə əlaqə saxladı: “gəlməyin, özüm pis vəziyyətdə qalıram”. AFFA-ya da bildirmişdi ki, indi burda futbol oynamaq düzgün deyil. Federasiya isə yuxarıda qeyd etdiyim kimi, “8-ci km” stadionunda oynamağa imkan vermədi. Bilərəkdən edilirdi... Onlara komandanın uğuru yox, "Neftçi"nin ələ alınması lazım idi. Ona görə də istefamızı vermişdik artıq və "Partizan"la oyundan sonra rəhmətliklə bir yerdə getdik komandadan”.


Tahir bəy “oxu atıb, yayı gizlətsə” də, bu statusda indi də AFFA-da çalışan bəzi şəxsləri nəzərdə tutduğu heç kimə sirr deyil. Onu da xatırladaq ki, 2012-də Azərbaycan futbolu tarixində ilk dəfə Avroliqanın qrupuna düşən “Neftçi” 2014-də də bu hədəfə çox yaxın idi. Amma sonuncu təsnifat mərhələsində səfərdə “Partizan”a 2:3 uduzan bakılılar evdə bu məğlubiyyətin əvəzini çıxa bilmədi – 1:2.