«Qəbələ»nin fəxri prezidenti Tale Heydərov kluba əlavə maliyyə dəstəyi verməkdən imtina edib.

Rekord.az-ın məlumatına görə, 2006-ci ildən futbola vəsait ayıran patron artıq şirkətlərinin buna imkanının çatmadığını bildirib.

Yanvardan etibərən, ümumiyyətlə, yardım paketi tamamilə dayandırılacaq. Ötən mövsüm «Qəbələ»yə 1 milyon dollar ayıran Heydəroı cari «futbol ili» üçün bu məbləği iki dəfə aşağı salıb.

Təsadüfi deyil ki, «Gilan Holdinq»ə daxil olan «Jalə» və «Milla» kluba sponsorluğu dayandırıb. Bu ilin əvvəlində «qırmızı-qaralar»la reklam əməkdaşlığına start verən şirkətlər bir neçə aydır ki, ödəmələrə ara verib.

O cümlədən, «Gilan Holdinq»in tərkibinə daxil olan və Bakıda fəaliyyət göstərən otellər şəbəkəsi «Qəbələ»liləri qəbul etməkdən boyun qaçırıb.

Əyalət təmsilçisinin komandaları əvvəllər buradan pulsuz istifadə edə bilirdisə, bu, artıq mümkün deyil. Şirkət təsisçilik hüququnu özündə saxlasa da, indi «qırmızı-qaralar»dan ödəniş tələb edir.

14 illik ənənənin pozulması «Gilan»ın özünün maliyyə dayaqlarının zəifləməsi ilə əlaqədardır.

Koronavirus pandemiyası holdinqin bu sektor üzrə fəaliyyət göstərən müəssisələrinə ciddi ziyan urub. Üstəlik, Bakıdakı otellərin demək olar hamısı aylardır qapalı rejimli xəstəxanalara çevrilib. (sportinfo.az)