Tamerlan Hüseynov. Bu ad, soyad bir çox azərbaycanlı futbolsevərlərə tanışdır. Çünki bir zamanlar hamı onu azərbaycanlı hesab edirdi və millidə forma geyinəcəyini gözləyirdi. Xüsusilə 1996-97-ci illərdə Ukrayna yığmasının heyətində diqqətçəkən oyunu ilə həm Ukraynada, həm də Azərbaycanda gündəmə gəlməyi bacarmışdı. Təbii ki, bizləri ilk növbədə onun adı və soyadı cəlb etmişdi. Çünki Tamerlan hüseynov daha çox azərbaycanlılara məxsus ad soyaddı. Hətta bir çoxları o vaxt Hüseynovun Azərbaycan millisində oynamaqdan imtinasını satqınlıq kimi dəyərləndirib onu vətən xaini də adlandırdılar.

Sonradan isə bəziləri onun Azərbaycanda deyil, Ukraynada doğulduğunu əsas gətirərək, futbolçuda vətənpərvərlik hissinin olmamasını normal qarşıladıqlarını dedilər. Bir qism isə Tamerlanın həyatı ilə bağlı araşdırma aparılmasının və əsl həqiqətin üzə çıxarılmasını məqsədəuyğun hesab etmişdi. Bəs əslində Tamerlan Hüseynov kimdir və o doğurdanmı azərbaycanlıdır? Bu yaxınlarda Ukrayna mətbuatını araşdırarakən orada maraqlı bir yazıya rast gəldik. Yazı ilk olaraq Tamerlandan bəhs etdiyi, ikincisi isə Azərbaycanın adı çəkildiyi üçün diqqətimizi cəlb etdi. Belə ki, Ukraynanın müstəqillik dövrünün futbol əfsanəsi sayılan Tamerlan Hüseyonov ölkəsində dərc edilən “Futbol” həftəliyinə müsahibəsində Azərbaycan haqda da söz açıb.

Açığı müsahibənin nə zaman alındığını tam dəqiqləşdirə bilmədik. Yazının işıq üzü gördüyü tarix elə də çox uzun tarix deyil. Yəni 2011-ci ildə dərc edilib. Lakin orada veteran futbolçunun dilindən çıxan sözlər bizdə maraq oyatdı və istər istəməz oxuyası olduq. Uzun illər bu tanınmış forvard səhvən Azərbaycan mənşəli hesab edilib. Ona görə də hələ SSRİ dağılmamışdan əvvəl Bakının “Neftçi” klubuna, 1993-cü ildə isə millimizə dəvət alıb. Amma futbol məmurlarımızın hər iki cəhdi uğursuz alınıb. Hüseynov karyerasını Ukraynada davam etdirməyə üstünlük verib. Odessa “Çernomorets”inin tarixində ən yaxşı futbolçulardan tarixi belə xatırlayıb: “Hələ 1989-cu ildə “Neftçi” komandasının rəisi məni Bakıya aparmaq üçün Ukraynaya gəlmişdi. Ancaq mənə doğmalaşan Luqanskda qalmağı üstün tutdum. 1993-cu ildə azərbaycanlılar yenə qapımı çaldı, bu dəfə milli komandalarına dəvət edirdilər. Yaxşı şərait, Bakıda mənzil söz verirdilər. Çox götür-qoy etdikdən sonra yenə dəvəti qəbul etmədim. Çünki həmin ərəfədə Azərbaycan müharibə şəraitində yaşayırdı, Qarabağ müharibəsi gedirdi. Buna görə risqə getmədim”.

Xatırladaq ki, Tamerlan Rüstəm oğlu Hüseynov 1968-ci ildə Dağıstanın Buynaksk şəhərciyində (əhalinin 46 faizi avardı) anadan olub. 2 yaşından ailəsi ilə birgə Ukraynaya köçüb. Futbolçu karyerasına Luqanskın məşhur futbol internatında başlayıb. Yerli “Zarya”, Moskva ÇSKA-sı və “Çernomorets”in şərəfini qoruyub. Müstəqil Ukraynada rəsmi matçlarda 100 qol vuran ilk oyunçu olub. İki dəfə milli çempionatın bombardiri (1994,1996) olub, iki dəfə gümüş medallara, bir dəfə ölkə kubokuna yiyələnib. Bütün uğurlara Odessada imza atıb. Azərbaycan millisinin dəvətini geri çevirdiyi il – ilk dəfə Ukrayna yığmasına cəlb edilib. 1993-cu ilin oktyabrın 20-də Meksika ilə yoldaşlıq görüşündə debüt edib. Ukrayna millisinin heyətində 14 oyun keçirib, 8 qol vurub.

Güclü zərbələri olan və başla əla oynayan bu cüssəli hüçumçu yığmada matç başına 0,57 qol ortalaması ilə çıxış edib. Amma daha sonra Valeri Lobanovski hücümda “Dinamo”dan daha yaxşı tanıdığı Şevçenko – Rebrov superduetinə güvəndiyindən “sarı-göylərin” heyətində yerini itirib. Futbolçu karyerasını 2002-ci ildə başa vurub. Hazırda “Dnester” (Ovidiopol) klubunun idman direktoru vəzifəsində çalışır. Beləliklə, artıq hər kəs tam əmin ola bilər ki, Tamerlan Hüseynovun Azərbaycanla heç bir bağlığın yoxdur. İndiyə qədər futbolsevərləri çaş-baş salan onun adf və soyadı idi ki, artıq bu məsələyə də aydınlıq gəldi və Tamerlanın dağıstanlı olduğu tam aydınlaşdı.