Rekord.az xəbər verir ki, “ağıllı” hakimlik sistemini kəşf edən azərbaycanlı məşhur ixtiraçı Sirus Paledi Azərbaycanda klub himayəyə götürmək istəyir.

 

“Allahın adıyla. Antalyadan bütün azərbaycanlılara, gözəl Bakı, qəhrəman Təbrizə Salam göndərirəm. Atam Bakıda, anam Təbrizdə dünyaya gəlib” deyən tanınmış iş adamı, Azərbaycanın Qarabağ zəfərini xüsusi qabardaraq bildirib ki, şəhidlərə borcluyuq:

“Ordumuz Qarabağda qəhrəmanlıq göstərdi. Əsgərlərimiz vətənin erməni işğalçılarından azad olunması üçün canlarından, qanlarından keçdilər və onlarla qürur duyuruq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qarabağda qələbəyə görə onlara borcluyuk. Şəhidlərimizin analarına, atalarına, ailələrinə, övladlarına Salam göndərirəm, hamısının əllərindən öpürəm. Yaralı əsgərlərimizə də şəfa diləyirəm”.

S.Paledi Şuşanın futbol klubuna himayədarlıq etməyə diqqət çəkib:

“Üç il əvvəl “Şuşa Qalası”nın (“Şuşa-Qarabağ” – keçmiş adı) baş məşqçisi Nadir Qasımovla Təbrizdə görüşümüz olmuşdu. Arzu etmişdik ki, Qarabağ erməni işğalından xilas edilsin. Allaha sonsuz şükürlər olsun bu diləyimiz alındı. Çox istərdim ki, hazırda “Şuşa Qalası”na sponsorluq edim. Qarabağ üçün də xüsusi önəm daşıyan Şuşanın komandasıyla həm ölkədaxili, həm də Avropa yarışlarında uğurlar qazanmaq niyyətindəyik”.