Tanınmış vəkil AFFA və “Keşlə” rəhbərliyini tənqid etdi: “Burdan ölkənin baş prokuroruna müraciət edirəm”
- 20 Sen 2021 13:30
- 718
“Keşlə” klubu artıq iki ildir ki, “ASK Arena” stadionunun 5 min 800 manat olan icarə pulunu ödəmir.
Rekord.az xəbər verir ki, bu barədə tanınmış vəkil Aslan İsmayılov “feysbuk” hesabında paylaşım edib.
O, paylaşımında “Keşlə” klubunun prezidenti Zaur Axundovu və AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovu tənqid edib:
“Artıq iki ildir ki, “Keşlə” klubu “ASK Arena” stadionunun 5 min 800 manat icarə pulunu ödəmir. Buna görə də, stadion əməkdaşlarına əmək haqları və sosial müdafiə fonduna vergi ödəyə bilmir. Bu barədə mənə müraciət olunduqdan sonra dəfələrlə problemi ictimailəşdirmədən həll etmək istəmişəm. Buna görə ‘Keşlə” klubunun prezidenti Zaur Axundov adlı birisi ilə bir neçə danışmışam. Borcu etiraf edib, ödəyəcəyini bildirib. Bu kəs özünü SOCAR-ın prezidenti Rövnəq Abdullayevin adamı kimi təqdim etdiyindən, oranın məsul şəxslərinə müraciət etmişəm. Bu dəfə də həll olunmayanda Axundovun dostu, AFFA-nın baş katibi Elxan Məmmədova bir neçə dəfə zəng etmişəm. Bu “boss” telefonumu qaldırmayıb. Mesaj yazmışam və tanışları vasitəsiylə fəhlələrin əmək haqlarsız qaldığını bildirmişəm. Bu zənglər, yazışmalar, xahişlər təxminən üç aydır ki, davam edir və bu günə qədər heç bir nəticə yoxdur.
Bu isə ölkədə tam dərəbəylikdən xəbər verir. Hərənin özü üçün bir “boss” olduğunu, heç kimi saymadıqlarından xəbər verir. İndi siz sıravi vətəndaşların bu “boss”lardan çəkdiklərini təsəvvür edin.
Burdan ölkənin baş prokuroru Kamran Əliyevə müraciət edirəm. Siz gündə bir elan verib, bir neçə min oğurlandığını bildirib, korrupsiyaya qarşı mübarizə apardığınızı elan edirsiz. Mən sizə yüz milyonun oğurlandığı ünvanı deyirəm. Gedin, AFFA-da olan yeyintiləri araşdırın, yüz milyonu müəyyən edin və futbolumuzun bu rəzil durumda nədən olduğunu bilin.
Bilirəm ki, baş prokuror mənim ərizələrimi araşdırmamağı tapşırıb. Zakir Qaralov belə, bir az fərqli göstəriş vermişdi ki, araşdırın, ancaq təmin etməyin. Mən isə inanıram ki, bir gün bir qanun adamı çıxıb yazdığım bütün ərizələri araşdıracaq və qanunsuzluq edənlərdən cavabını soruşacaqlar”.