“Tarixi ilkə imza atmağımız olduqca fərəhlidir” - Ülviyyə Fətəliyeva
- 03 Sen 2022 18:15
- 510
Çexiyanın paytaxtı Praqada şəxsi Avropa çempionatında bürünc medal qazanan Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva vətənə qayıdıb.
Rekord.az xəbər verir ki, şahmatçını Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov, AŞF rəsmiləri və media nümayəndələri qarşılayıb.
Avropa çempionatının bürünc medalçısı Ülviyyə Fətəliyeva uğurunu AŞF-nin rəsmi saytına şərh edib:
“Avropa çempionatına qələbə üçün yollanmışdım. Hər zaman məqsədimiz birinci olmaqdı. Fikrimcə, qadın şahmatçılarımız Hindistandakı olimpiadada da yaxşı çıxış etdi. Olimpiadada son turda gürcüləri yensəydik, çempion da olardıq. Biz mart ayından etibarən Olimpiadanın hazırlıqlarına başlamışdıq. İntensiv təlim-məşq toplanışları nəticəsini göstərdi. Tarixdə bir ilkə imza atmağımız olduqca fərəhlidir.
Medal qazandığıma görə çox şadam. Mükafatlandırmada komanda yoldaşım Günayla birgə olmaq isə xüsusilə sevindirici oldu. Uğurumuz gərgin məşqlərin nəticəsidir.
Ən çətin görüşüm qızıl medalçı Soçko ilə doqquzuncu tura təsadüf edirdi. Ağ fiqurlarla oynamağımdan istifadə etməyə çalışdım, amma alınmadı. Əslində yaxşı üstünlük əldə etmişdim. Vaxt azlığında bir neçə səhv buraxaraq çətin vəziyyətə düşdüm. Hər halda oyunda heç-heçəyə nail oldum”.
Ülviyyə Fətəliyeva sentyabrın 21-24-də Şuşada keçiriləcək superturnir barədə də fikirlərini bildirib: “Çox həyəcanlıyıq. Əzəmətli Şuşada şahmat oynamaq hər birimizin arzusudur. Bu yarışa xüsusi hazırlaşacayıq. Şuşadakı turnirdə də yüksək yerlər uğrunda mübarizə aparacam”.
Avropa çempionatında Günay Məmmədzadə gümüş, Ülviyyə Fətəliyeva isə bürünc medal əldə edib.