Tarixin ən sönük olimpiadası: Tokio-2020
- 03 Avq 2021 13:14
- 827
İdman dünyası da geridöməz prosesin içindədir?
Hazırda Yaponiyanın paytaxtı Tokioda Yay Olimpiya Oyunları keçirilir. 2020-ci ildə keçirilməli olan və pandemiya səbəbindən bir il sonraya ertələnən yarışmaya avqustun 8-də yekun vurulacaq.
Əvvəlki olimpiadalardan fərqli olaraq, yarışa bu dəfə maraq olduqca aşağıdır. Bir sözlə nə meydandakılarda əvvəlki enerji, nə də tamaşaçılarda həmin həyəcan var. Tarixin ən sönük çempionatının keçirildiyini söyləmək mümkündür. Bütün bunlar da bir sıra suallara yol açıb.
Tokio-2020-yə marağın olmamasına səbəb təkcə pandemiyadırmı? Dünya idman yarışlarının əvvəlki əzəməti nə vaxt bərpa olunacaq? Ümumiyyətlə, bərpa olunacaqmı? Yoxsa idman dünyası də artıq geridönməz bir prosesin içindədir?
İdman mütəxəssisi Kənan Məstəliyev azarkeş olmayan yerdə istənilən idman növünə marağın olmadığını qeyd etdi: “Tokio Olimpiya Oyunlarının bu qədər sönük keçməsinin səbəbi təbii ki, pandemiyadır. Bunun iki aspekti var: tamaşaçılar və idmançıların performansı. Tamaşaçı məsələsi barədə onu qeyd etmək lazımdır ki, nə qədər möhtəşəm yarış keçirirsən-keçir, onu yerində, canlı izləyən, idmançılara dəstək verən yoxdursa, həmin effekt olmayacaq. Tribunaları boş olan heç bir idman növü baxımlı deyil. Xüsusilə də 4 illiyin şah əsəri olan Olimpiadanın bu aqibətlə üzləşməsi çox üzücüdür. Güləşçilər əla fəndlər yerinə yetirirlər, səs yoxdur. Oxçu uzun məsafədən kiçik bir hədəfi dəqiq nişan alır, səs yoxdur. 70 minlik stadionda 100 metrə 9,80 saniyədə qaçılır, yenə səs yoxdur. Hər yerdə yalnız məşqçilər və texniki işçilərin səsidir, bu da həmin effekti vermir, zövq almaq olmur, nəticəni, gözəlliyi hiss etmək olmur. Belə olan halda, Olimpiada, sadəcə, idman yarışları toplusuna çevrilir. İdmançılar da narahatdırlar. Onlar 1 ildən çoxdur davam edən pandemiya zamanı çox sayda problemlərlə üzləşiblər, normal məşq edə, hazırlaşa bilməyiblər, həm fiziki, həm də psixoloji maneələri aşmalı olublar. Belə olan halda, motivasiyada çətinliklər yaşanır, meydançada əsl medal mübarizəsinə, Olimpiya çempionluğu uğrunda həmişəki barışmaz döyüşə şahidlik edə bilmirik.
Kənan Məstəliyev
Təbii ki, həyat davam edir, pandemiya da bitəcək və idman öz əzəmətini qaytaracaq. Buna şübhəm yoxdur. Ancaq zaman dəyişir və dünya idmanının da müəyyən yeniliklərə, dəyişikliklərə ehtiyacı var. Görünən odur ki, Beynəlxalq Olimpiya Komitəsi bu istiqamətdə addımlar atmağa başlayıb. Məsələ ondandır ki, pandemiyadan əvvəl də bir sıra idman növləri yaxşı izlənilmirdi. Çünki spesifik xarakterə malikdirlər və adətən bu idman növü ilə yaxından maraqlananlardan başqa çox kiçik tamaşaçı arealına malikdir, Olimpiada da, sadəcə, nəticə baxımından izlənilir. Xüsusilə gənc nəsil Olimpiadanı “iqnor” etməklə məşğuldur. Onlar onlara maraqlı olan şeyləri izləmək istəyirlər. BOK da bunu nəzərə alaraq bəzi addımlar atır. Məsələn, məhz Tokiodan etibarən Olimpiya Oyunlarında skeytbordinq, idman dağadırmanması və sörfinq üzrə yarışlar keçiriləcək. Bu növlər böyük izləmə auditoriyası olan gənc nəslin böyük tələbatı, hətta deyərdim tələbi olan növlərdir. Bir çox digər növlərin də qarşıdakı olimpiadalara daxil edilməsi də planlaşdırılır, hətta onların arasında bilyard və breyk-dans belə var. Dünya idmanına rəhbərlik edən şəxslər klassik ənənələrdən bir qədər kənara çıxaraq bunu edir, ancaq başqa çıxış yolu olmadığından bunu hər kəs anlayışla qarşılayır. İdman böhranda deyil, ancaq çətin dövrünü keçirir. Buna keçid dövrü də demək olar. Hər halda, optimist olmaq lazımdır. Dünya durduqca Olimpiadalar da olacaq və böyük marağa səbəb olacaqdır".
Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assisenti, həkim-infeksionist Nilufər Məmmədova isə suallarımızı bu cür cavabladı: “Zaman-zaman virusun özündə yeni ştampların meydana çıxması ilə əlaqədar pandemiyaya yoluxanların sayının pik həddə çatması görünür. Bu da müəyyən məhdudiyyətlərə səbəb ola bilər. Hər bir ölkənin öz fərqli imkanlarına görə məhdudiyyətlər fərdi nədənlərlə seçilir. Bu, xüsusən ölüm hallarının artması zamanı verilən qərarlardır. Ancaq bu da qaçılmazdır ki, biz artıq virus şəraitində yaşamağa uyğunlaşmalıyıq. Tam olaraq idman yarışlarının qarşısı alına bilməz. Eyni zamanda toyların ləğv edilməsi, ticarət obyektlərinin tamamilə bağlanması mümkünsüzdür. Biz məhdudiyyətlərin davam etdirilməməsinin yollarını tapmalıyıq. Bunun əsas yollarından biri vaksin olunmaqdır. İstər oyunlar, istər toylar, istərsə də ticarət obyektlərinin daimi olaraq fəaliyyətdə qalması olsun, qorunma tədbirlərinə ciddi riayət olunmalıdır. Burada ən böyük yük əhalinin öz üzərinə düşür. Simptomları olan şəxs özü-özünü təcrid etməlidir. COVİD-19-a xas bir simptomu olan şəxs belə bir neçə gün evdə qalıb, özünü müşahidə etməlidir. Yaxud da ərazi poliklinikasına məlumat verməli, özünü test etdirməlidir. Amma unutmamalıyıq ki, vaksin olanlar arasında da virusa yoluxanları görürük. Onun üçün də vaksin olanlar düşünməməlidir ki, vaksin olunmuşam, virusa yoluxmaram. Konkret desək, idman dünyası əslində xəstəlik pik həddə çatan zaman məhdudiyyətlər qoyub, xəstəliyin yenidən enməsi zamanı qismən öz fəaliyyətlərini bərpa etməklə bir növ səhiyyəyə də dəstək ola bilər”.
“Yeni Müsavat”