Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Çempionatının seçmə mərhələsinə və İslamiadaya hazırlığını davam etdirir. "Rekord.az" xəbər verir ki, bir müddət heyətdən kənar qalan və analıq məzuniyyətindən qayıdan komandamızın üzvü Yelizaveta Ruban federasiyanın mətbuat xidməti ilə hazırlıq prosesinə dair fikirlərini bölüşüb: 

Təcrübəli hücumçumuz uzun aradan sonra yenidən millinin heyətində olmasından danışıb: "Bəzi ailə problemlərinə görə millinin məşqlərinə bir az gec qoşuldum. Hər birimizin şəxsi həyatımız, ailəmiz, övladımız var və müəyyən çətinliklərimiz olur. Amma məsələ milli komanda olduğu zaman mən ailəmin, yaxınlarımın və komandamın dəstəyini hiss etdim. Onların köməyi ilə bu gün millimizin düşərgəsindəyəm və buna çox şadam. Komandamızın düşərgəsinə qoşulmazdan əvvəl özüm fərdi şəkildə məşqlər edirdim ki, formamı qoruyub saxlayım. Ona görə də bu gün toplanışda çox çətinlik çəkmirəm".

Ruban hazırda Sloveniyada olan komandamızın hazırlıq prosesinə də toxunub: "Millidə gözəl ab-hava var. Məşqçilər və oyunçular arasında əsl komanda ruhu hiss olunur. Hər birimiz İslamiadanın və Avropa Çempionatının təsnifat mərhələsinin oyunlarının məsuliyyətini hiss edirik. Buna görə də məşqlərdə bütün gücümüzlə çalışırıq.

Hazırda Sloveniyada təlim-məşq toplanışımız davam edir və dünən yerli yığma komandaya qarşı ilk yoxlama matçımız oldu. Daha bir neçə yoxlama görüşü də keçirəcəyik. Baş məşqçimiz bu yoxlama oyunlarında hər birimizə oynamaq şansı verir və bundan sonra əsas heyət müəyyən olunacaq. Buna görə də biz çalışırıq ki, bu sınaqlarda maksimum yaxşı oyun göstərək.

İslam Həmrəyliyi Oyunlarında və AVRO-2023-ün təsnifat mərhələsindəki rəqiblərimizi tanıyırıq. Çalışmalıyıq ki, bu yarışlarda yüksək nəticələr əldə edək. Meydanda rəqibimizin güclü və ya zəif olmasına baxmayaraq, özümüz səhvsiz oynamalıq.

İnanıram ki, biz hər iki yarışdan vətənə qələbə ilə dönəcəyik".