![photo](https://www.rekord.az/storage/news/2025_02_06/9c1e28f5_13ae_363d_9aec_2385364dab88_850_1738832690.jpeg)
“Təcrübəm matçı heç-heçə bitirməyimə kömək etdi”
- 15:00
- 39
“Təcrübəm matçı heç-heçə bitirməyimə kömək etdi”.
Rekord.az xəbər verir ki, bunu şahmat üzrə Azərbaycan çempionatının 1/8 finalında Ayan Allahverdiyeva ilə ikinci görüşdən (0,5:0,5) sonra növbəti mərhələyə vəsiqə qazanan Zeynəb Məmmədyarova federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.
Qrossmeyster rəqibinin güclü olduğunu vurğulayıb:
“Rəqibim çox güclü şahmatçıdır. Son illərdə yüksək performans göstərir. Milliyə namizəddir. Mən isə son illərdə işlərimlə əlaqədar şahmata çox vaxt ayıra bilmirəm. Buna baxmayaraq, təcrübəmdən istifadə edərək üstünlük qazandım. Gərgin seytnot vəziyyətinə düşməyimə baxmayaraq, düşünürəm ki, təcrübəm matçı heç-heçə bitirməyimə kömək etdi”.
Şahmatçı 1/4 finaldakı şanslarını dəyərləndirib:
“1/4 finalda rəqiblər çox güclü olacaq. Əslində hər rəqib güclüdür. İlk turdakından da güclü rəqiblə qarşılaşacağam. Ülviyyə Fətəliyeva ilə indiyə qədər olan oyunlarda nəticələrimə baxsaq, düşünürəm ki, xal üstünlüyü məndədir. Bir mərhələ adladıq. Hər ikimiz növbəti mərhələyə hazırlaşacağıq”.
O, oyun üslubunu bəyəndiyi şahmatçının adını çəkib:
“Qızlardan Xanım Balacayevanın oyun üslubu xüsusən xoşuma gəlir. Çox enerji itirmədən partiyaları yekunlaşdırır. Əlbəttə, daha yüksək reytinqli şahmatçılar da var. Fikrimcə, belə yarış sistemi ilə Xanım daha rahat oynaya bilər”.
Qeyd edək ki, Zeynəb Məmmədyarova iki oyunun nəticəsinə görə Ayan Allahverdiyevanı 1,5:0,5 hesabı ilə məğlub edib. O, 1/4 finalda Ülviyyə Fətəliyeva ilə qarşılaşacaq.