"Çalışıram ki, Kamal Quliyevi futbola qaytarım”.

Rekord.az xəbər verir ki, bu fikirləri "Report”a müsahibəsində "Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov veteran futbolçu Kamal Quliyev haqqında danışarkən deyib.

49 yaşlı mütəxəssis vaxtilə həm futbolçu, həm də məşqçi kimi çiyin-çiyinə mübarizə apardığı dostunu yenidən futbol sahəsində görmək istədiyini bildirib. Amma Əhmədov bu barədə Quliyevlə söhbət etmədiyini diqqətə çatdırıb: "Kamalla Ukraynada, "Neftçi”də, milli komandada birlikdə çıxış etmişik. Hər zaman mənə böyük qardaşı kimi baxıb. Mən də ona kiçik qardaşım kimi hörmət etmişəm. Quliyev yaddan çıxıb, istəyirəm ki, onu yenidən futbol həyatına qaytarım”.

Baş məşqçi Quliyevin əvvəlki işində çalışdığını söyləyib: "Yenə də Ağsu - Bakı marşrutu üzrə avtobus sürür. Ona görə ürəyim ağrıyır. İlk dəfə sizin vasitənizlə deyirəm: Onu futbola qaytarmağa çalışacağam. Elə futbolçularımızın kənarda qalması mənim üçün ürəkağrısıdır. Bəlkə də "Keşlə”də yanımda olacaq”.

Qeyd edək ki, 2003/2004 mövsümündə Ukrayna "Volın"ında komanda yoldaşı olan Tərlan Əhmədovla Kamal Quliyev 2011 - 2013-cü illərdə "Neftçi"də məşqçi kimi çalışıblar.