Tərlan Əhmədov: “Kiminsə yerinə göz dikmək planım yoxdu”
- 08 Mar 2020 20:40
- 770
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 0:2 hesabıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları deyib:
- Maraqlı oyun oldu. “Qarabağ” layiqli qəzəbə qazandı. Bu məğlubiyyətə görə futbolçulara deyiləcək söz yoxdu. 3 əsas heyət futbolçumuz yox idi. İşimizi davam etdiririk. Oyunlar getdikcə daha da ağırlaşır. Bu oyundakı səhvlərdən nəticə çıxarmalıyıq.
- Aleksandr Kristovaoya kifayət qədər şans verirsiz. Meydanda gördüyü işdən nə dərəcədə razısız?
- Hiss olunur ki, yavaş-yavaş komandaya uyğunlaşır. Onun iş əmsalı başqadı, Frutosunku başqa. Bu gün fərqli oynamalıydıq, amma itkilərə görə belə oldu. Hələ tam uyğunlaşmayıb.
- Frutosda geriləmə hiss olunmur ki?
- Bir müddət məşqlərdən kənar qaldı. Ona görə tam formasını bərpa etməyib.
- Ruslan Qurbanovu bu gün yarımmüdafiədə oynatdız. Çıxışından razı qaldız?
- Hücumameylli yarımmüdafiəçi kimi oynayırdı. Uzun müddət zədə ucbatından məşqlərdən kənar qalıb. Kamaranı, Turalı əvəzləyəcək yeganə oyunçumuz Ruslan idi. Məcburiyyətdən orda oynadı. Bacardığı qədər mübarizə apardı.
- Müdafiənizin cinahları rəqib üçün açıq dəhliz idi sanki. Təsadüfi deyil ki, ilk hissədən sonra Cabir Əmirlini İlkin Qırtımovla əvəzlədiz. Maraqlıdı, variantınız olsa, Azər Salahlını da əvəzləyərdizmi?
- Bəlkə də dəyişiklik etsəydik, daha böyük fəsad verərdi. Bir oyuna görə kimlərisə ittiham etmək olmaz. Komanda uduzursa, ilk növbədə baş məşqçi günahkardı.
- “Neftçi” ilə xal fərqi xeyli böyüdükdü...
- Mən söz verməmişəm ki, komanda 1, ya da 2-ci yeri tutacaq. Məqsədimiz mükafatçılar sırasına düşmək və ya avrokuboklara getməkdi. Məni öz oyunlarımız maraqlandırır. Qazana bildiyimiz qədər xal toplamaq istəyirdik. Kiminsə yerinə göz dikmək planım yoxdu. (komanda.az)