Voleybol üzrə Azərbaycan çempionatında təxirə salınmış iki oyunun keçiriləcəyi tarix bəlli olub. "Rekord.az" xəbər verir ki, həm qadın, həm də kişi voleybolçuların Yüksək Liqasında II turda baş tutmayan oyunlar yanvarın 22-nə təyin olunub.

Həmin gün ilk olaraq qadın voleybolçuların Yüksək Liqasında təxirə salınan “Murov” - UNEC matçı baş tutacaq. Görüş saat 16:00-da start götürəcək.

Daha sonra kişi voleybolçuların Yüksək Liqasında II turun təxirə salınan “Neftçi” - “Xarı bülbül” oyunu keçiriləcək. Bu qarşılaşma isə saat 18:00-da başlanacaq.

Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.

Qeyd edək ki, bu oyunların yanvarın 12 və 13-də keçirilməsi nəzərdə tutulsa da UNEC və "Neftçi" klublarının bir çox voleybolçusunun qrip və yüksək hərarətdən əziyyət çəkməsi səbəbindən təxirə salınmışdır.