Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirib.

Rekord.az xəbər verir ki, 35 yaşlı qrossmeyster 5-ci turda ağ fiqurlarla çinli Dinq Liren ilə üz-üzə gəlib. Rəcəbov FİDE reytinqinin ikincisi ilə matçın 50-ci gedişində “sülh bağlayıb”.

Teymur daha öncə Fransa təmsilçisi Alireza Firuzca, FİDE bayrağı altında yarışan Yan Nepomnyaşi və polşalı Yan-Kşiştof Duda ilə də heç-heçəyə razılaşmışdı. O, 2-ci turda ABŞ təmsilçisi Hikaru Nakamuraya məğlub olub. Təcrübəli şahmatçı hazırda 2 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, dairəvi sistem üzrə keçirilən yarış 14 turdan ibarətdir. Şahmatçılar bir-biri ilə iki dəfə (ağ və qara fiqurlarla) qarşılaşacaqlar. Turnirin qalibi dünya şahmat tacı uğrunda norveçli Maqnus Karlsenlə görüşə vəsiqə qazanacaq.

İddiaçılar Turniri
5-ci tur

Teymur Rəcəbov (Azərbaycan) - Dinq Liren (Çin) 0,5:0,5
Fabiano Karuana (ABŞ) - Rixard Rapport (Macarıstan) 0,5:0,5
Alireza Firuzca (Fransa) - Yan-Kşiştof Duda (Polşa) 0,5:0,5
Hikaru Nakamura (ABŞ) - Yan Nepomnyaşi (FIDE) 0,5:0,5

Xal durumu: Nepomnyaşi - 3,5, Karuana - 3, Duda, Rapport, Nakamura - 2,5 Liren, Rəcəbov, Firuzca 2.