"Tofiq Bəhramovun kabinetinin qapısı heç vaxt bağlı olmazdı"
- 27 Mar 2020 11:00
- 815
SSRİ yeni dağılmışdı. Ölkə xaos içindəydi. Müharibə, iqtisadi çöküş, siyasi çəkişmələr pik həddə çatmışdı. İnsanlar zavod çörəyi üçün saatlarla növbəyə dururdu. Buna baxmayaq, gələcəyə bir inam var idi...
Hegemon dövlətlər daraşmışdı Azərbaycanın canına. Hamı öz payını istəyirdi. Çətinə düşənlər, istəyinə çatmayanlar qarışıqlıq yaradır, milləti bir-birinə qırdırır, torpaqlar gedirdi. Hətta belə durumda klub/komandalarımızın sayı kifayət qədər idi, dolu tribunalar, qrad mərmiləri altında yaşıl meydanlara çıxılırdı.
Parçalanma o həddə idi ki, sovetlərin dağılmasını istəməyənlər də var idi, müstəqillik sevdası ilə alışıb-yananlar da yetərincə idi. Nomenklaturada olanlar yeni həyatı, müstəqqilliyi qəbul etmir, istəmirdilər. Futbolda da belə idi...
Son ana kimi SSRİ çempionatına hazırlıq gedirdi. Ölkə azad yaşayışa hazır olmadığı kimi, futbol da çaşqınlıq içindəydi. Zamanla, tarixin gedişi ilə ayaqlaşa bilməyənlər sabaha hazır deyildilər. "Moskva düşünsün, bizlər də əməl edək" təfəkkürü beyinlərdə dolaşırdı.
Belə durumda federasiya yaradıldı. İstəməsələr də belə, dahi Tofiq Bəhramov kimi şəxsiyyət kənarda qala bilməzdi. Hakimlər Komitəsinin sədri, baş katib vəzifələrində çalışdı. O vaxt biz gənclər üçün rəhbərlərdən birinin ruhuna kimi futbol adamı olması böyük şans idi...
Tək peşəkarlığı deyil, insani keyfiyyətləri, səmimiyyəti, insanlarla üst səviyyədə davranış qabiliyyəti ilə seçilirdi. Tofiq müəllimə kiminsə futbolu izah etməsinə ehtiyac yox idi. Bunu bacara da bilməzdilər. Futbol oynaması, hakimliyi, "Neftçi"də rəis vəzifəsində çalışması, bir sözlə, futbolun bütün incəliklərini bilirdi.
İndikilər bilməz, Tofiq Bəhramovun kabinetinin qapısı heç vaxt bağlı olmazdı. Sadəliyi, gülərüzlüyü ilə hamını dinləyirdi. Indi isə futboldan xəbərsizlər nəinki kabinetlərin qapılarını, mərtəbəni bağlatdırır, kodlaşdırırlar. Dahi şəxsiyyətimizin bir faizi olsaydılar, öz xislətləri ilə prospekt də qapalı saxlanılardı.
AFFA-nın ilk günündən yeni futbol sisteminin yaradılması ilə bağlı müzakirələr, mübahisələr, fikir ayrılıqları səngimək bilmirdi. Ümumi cəmiyyətdəki başıpozuqluq futbola da sirayət edirdi. Indi müqayisəolunmaz şəraitdə yaradıcılıqdan uzaq hiyləgərlər dövrüdürsə, o vaxt populistlər dövranı idi.
Mənfi cərəyanlar Tofiq müəllimə pis təsir edirdi. Ayaqda olsa da səhhətində ciddi problemləri var idi. Çılğınlığı olmasa, zahirən görünməsə də, hər xırda haqsızlığa özündən asılı olmayaraq ciddi daxili həyəcan keçirirdi. Dərmanları hər zaman yanında olardı.
Tofiq müəllim bizlərə qayğı ilə yanaşdığı kimi, biz də onu qorumağa çalışırdıq. Xarakteri çox sakit olduğu, səviyyəsini qoruduğuna görə hayküyçülərə cavab verməzdi, özlüyündə isə çox əziyyət çəkirdi. Zaman, dövran beləydi...
Təvazökarlığı çox yüksəklərdə idi, özü ilə bağlı danışmağı xoşlamazdı. Tofiq müəllim bizlərə canlı bir məktəb idi. Suallar verəndə, xeyirxah, gülərüz siması ilə deyirdi, "oyunlar idi, gedib idarə edib qayıdırdıq". Oyunlar da nə oyunlar, dünya çempionatı öz yerində, UEFA kubokunun finalı, qitələrarası kubok, Avropadan tutmuş Meksikaya kimi mötəbər yarışlar.
Həmişə deyirdi, "mən SSRİ-ni təmsil etmişəm, siz Azərbaycanın şərəfini qoruyacaqsız. Bizim belə imkanımız olmayıb". Pozitivliyini heç vaxt itirməzdi, amma ölkədəki vəziyyətdən çox narahat idi. "Çəkişmələr nə vaxt bitəcək, siz cavansız, biz çətin günlər görmüşük, müharibədən, aclıqdan çıxmışıq", deyirdi.
Özü barədə danışmağı sevməsə də, hakimlik incəliklərini aşılayır, məsləhətlərini verir, istedadları qoruyurdu. Dünya çapında matçlardan sonra Tofiq Bəhramov üçün şəraitsizlik içində Azərbaycan çempionatı səviyyəsini görmək çox ağır gəlirdi. Üstəgəl də daxili çəkişmələr.
92-də federasiya rəhbərliyi ilə fikir ayrılığı yaşandı, futboldan uzaqlaşdım. Axşam Tofiq müəllim öz böyüklüyü ilə evə zəng etdi. Dəstəyini verməklə yanaşı səbrli olmağımı, pespektivi, gələcəyi düşünməyi tövsiyyə etdi. Çox təəssüf ki, son dəfə səsini o gün eşitdim.
Ölkədə deyildim. 93-n bu günü dünyasını dəyişdiyini eşitdim. Futbol adına çox sarsıdıcı xəbər idi. Öıkə futbolunda elə bir dağıdıcı mühit yaradılmışdı ki, çempionat da parçalanır, klublar üsyan edirdi. Bütün bunlar onsuz da sağlamlığında problemləri olan Tofiq müəllimin ömrünü qısaltmış oldu.
Zaman keçdi, federasiyadan arayıb geri, futbola qayıtmağımı istədilər. 94-cü il idi. Artıq Tofiq Bəhramov AFFA-da yox idi. Dahi hakimimizin yeri görünürdü. Yoxluğunu hər an hiss edirdik. Bu gün də hiss edirik....
90-cı illərdə Azərbaycan futboluna ən böyük zərbə iki dahi şəxsiyyətimizin itirilməsi olub, Tofiq Bəhramov və Anatoli Banişevski. Onları itirdikcə futbol da kiçilirdi, cılızlaşırdı...
Artıq hədəflər Avropa, dünya çempionatları deyil, daxili "rəqabət", qarşıdurmalar, çəkişmələrdi. Öz uğursuzluqlarını məğlub psixologiyası ilə futbola, millətə sırıya-sırıya bu günlərə gəlindi. Dahilərimiz heç vaxt bunu qəbul etməzdilər.
Kiçilə-kiçilə bu gün də futbolun çöküşü davam edir. Nə yaxşı Kosovo, Lüksemburq təriflərini, stuxliklərin AFFA-da at oynatdıqlarını görmədilər. O vaxt Tofiq Bəhramov, Banişevski "Uembli"də at oynadırdılar, dolu tribunalar onları seyr edirdi. İndi isə ingilis azarkeşlərin Bakıda pivə içməsi prioritet, strateji məsələyə çevrilib.
AFFA-nın yaradılışı ilə Tofiq Bəhramovun dünyadan köçməsi eyni günə təsadüf edir. Sanki bu günə kimi davam edən futbol proseslərinə dahi ruhun üsyanıdır. 25-30 ildi Tofiq Bəhramov, Banişevski səviyyəsini görməyən nəsil yetişir. Artıq çoxdan yetişib...
"Azərbaycanda futbol olmayıb, yoxdur" devizi ilə yetişdiriliblər. Dahilərin təbliğatı sərf etmir. Onlar lazımı səviyyədə təbliğ edilsə, elə o səviyyədə də nəticələr istəniləcək. Yaradılan imkanlar qarşılığında bunu etmək iqtidarında olmayanlar gecə-gündüz futbolu psixoloji olaraq alçaldırlar, məhv edirlər...
Məqsəd-məram koronavirus kimi futbola daraşıb futbol genefondunu məhv etməklə yanaşı rahat, komfort ömürlərinin uzadılması, şəxsi maraqlardır. Dahilərin isə ruhları inciyir.
Necə ki, o ruh azarkeşdə, xalqda da qalıb. Silinməzdir! Ona görə də futbolun bu günündən haqlı narazılıqlar səngimək bilmir.
Futbol qanımız, dahilərin qanıdır! O qan heç vaxt məğlubiyyətləri, məğlub psixologiyanı qəbul etməz! Gün gələcək qalibiyyət ruhu, qalibiyyət qanı yenidən oyanacaq!
Tahir SÜLEYMANOV