Tokio-2020: Koronavirusa yoluxan idmançımız yarışdan kənarlaşdırıldı, bayraqdarımız dəyişdirildi
- 21 Avq 2021 17:00
- 770
Paralimpiya çempionu, paracüdoçu Ramil Qasımovdan Tokio atletlər kəndində koronavirus test nümunəsi götürülüb və test nəticəsi pozitiv çıxıb.
Rekord.az xəbər verir ki, bir neçə saat sonra təkrar test nümunəsinin də nəticəsi pozitiv çıxdığı üçün cüdoçu Tokioda xüsusi karantinə yerləşdirilib və yarışlardan kənarlaşdırılıb. Ramil Qasımov karantin rejimi bitdikdən sonra vətənə geri dönəcək.
Qasımovla yaxın təmasda olan cüdo komandasının digər 11 üzvündə PCR test nümunəsi neqativ çıxsa da, onlar da yüngül karantin rejiminə yerləşdirilib. Cüdo komandasının digər üzvlərindən gündəlik test nümunələri götürüləcək. Yüngül karantinə yerləşdirilmiş idmançılar məşqlərinə davam edib, yarışlarda iştirak edə biləcəklər. Lakin açılış mərasimində iştirak etmələrinə icazə verilməyib.
Azərbaycanı təmsil edəcək 11 cüdoçu arasında ikiqat paralimpiya çempionu İlham Zəkiyev də yer alır. Bu səbəbdən, açılış mərasiminin bayraqdarı Pekin Paralimpiya Çempionu Oloxan Musayev olacaq. İdmançıların səhhətində heç bir problem yoxdur, hamı yarışa tam hazırdır.