Tokio-2020: Mübarizəyə birinci hansı idmançımız qoşulacaq?
- 16 İyl 2021 10:26
- 816
Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə qoşulacaq ilk idmançımız məlumdur.
Rekord.az-ın yarış cədvəlinə əsasən apardığı araşdırmaya görə, Azərbaycan təmsilçilərindən ilk olaraq idman gimnastikası növündə çıxış edən İvan Tixonov mübarizəyə qoşulacaq.
Bu növdə yarışlara Bakı vaxtı ilə iyulun 23-dən 24-nə keçən gecə start veriləcək.
Saat 05:00-dan etibarən kişi gimnastların fərdi çıxışları başlayacaq. Tixonovun çıxışa sıra ilə neçənci başlayacağı hələki məlum deyil.
İdman gimnastikası yarışlarının startından təxminən 1 saat sonra, bizim vaxtla 06:00-06-20 arası isə boks və cüdoçuların mübarizəsi başlayacaq.
Cüdoçulardan 48 kq çəkidə Aişə Qurbanlı və 60 kq-da Kəramət Hüseynov tatami üzərinə çıxacaq.
Cüdoda medalların taleyinə gün ərzində aydınlıq gələcəyindən biz artıq günorta saatlarında Aişə və ya Kəramətin timsalında ilk olimpiya mükafatçımızı görə bilərik.
Kişi boksçuların olimpiya mübarizəsi isə 69 və 81 kq çəki dərəcələri ilə başlayacaq. Hər iki çəkidə də ölkəmizi kubalı legionerlər təmsil edir: Lorenso Sotomayor (69 kq) və Alfonso Dominges (81 kq).
Azərbaycan Tokio Olimpiadasına 16 idman növü üzrə 40 lisenziya qazanıb. Bədii gimnastikada qrup hərəkətləri üzrə milli komandamız iştirak edəcəyindən (5 idmançı=1 lisenziya) Tokioda ölkəmizi ümumilikdə 44 idmançı təmsil edəcək.