Tokio Olimpiadasına hazırlaşan idmançımız: "Soyuq havada məşq keçməyin fəsadını yaşayıram"
- 25 Fev 2021 15:16
- 831
“16 metr 57 santimetr məsafəyə tullanmaqla Balkan çempionatında qızıl medal qazandım”.
Rekord.az xəbər verir ki, bunu oxu.az-a qapalı məkanda keçirilən Avropa çempionatının üçtəkanla tullanma növü üzrə qalibi Nazim Babayev deyib.
O, üç gün əvvəl Türkiyənin İstanbul şəhərində qapalı məkanda keçirilmiş XXVI Balkan çempionatında qızıl medal qazanıb. Nazim həmin yarışda çempion olsa da, zədə alıb:
“Bu yarışdan 10 gün əvvəl İstanbulda Türkiyə Açıq çempionatında iştirak etmişdim. Orada belimdən zədələndim deyə, yaxşı çıxış edə bilmədim. Bakıda müalicə alıb düzəldim.
Balkan ölkələrinin çempionatında isə altı cəhddən dördünü edə bildim. Beşinci cəhdə hazırlaşan vaxt topuğumda ağrı hiss etdim. Yenidən zədələndim və yarışda iştirakımı davam etdirə bilmədim. Amma bununla belə, çempion olmağı bacardım.
İndi yenidən müalicə alıram. İki həftə sonra Polşanın Toruny şəhərində Avropa çempionatı (5-7 mart) olmalıdır. Ona hazır olmağa çalışıram”.
Tokio Yay Olimpiya Oyunlarında Azərbaycanı ilk dəfə təmsil edəcək Nazim Babayev soyuq havalarda açıq məkanda məşq keçməyin fəsadları ilə üzləşdiyini bildirib:
“Əslində mən fevralın 6-sı və 9-da Fransadakı iki yarışda iştirak etməliydim. Bunlar Dünya Turu çərçivəsində keçirilən Mets və Lyevandakı yarışlar idi. Bu yarışlardan dəvət almışdım. Lakin Avropaya səfər məhdudiyyətləri üzündən heç birində iştirak edə bilmədim.
Hazırda onurğa sütunumda sinir sıxılıb. Bu da sağ ayağımın arxa əzələsinə və topuq nahiyəsinə ağrı verir.
Nazirlər Kabineti yanında Operativ Qərargah bir ay olar ki, qapalı məkanda məşq keçməyimizə imkan verib. Ancaq onlar da bu barədə çox gec qərar verdi. Nəticədə noyabr, dekabr, yanvar aylarında açıq havada məşq keçməli oldum.
Düşünürəm ki, indiki zədələrim də soyuq havada məşq keçməyin nəticəsidir. Onun fəsadlarını yaşayıram. Belimdən zədə alanda əyilib-dura bilmirdim. Soyuq onurğa sütunuma işləyib”.