Total futbolun atası YAZI
- 03 Mar 2020 11:00
- 1961
“Total futbol” deyəndə yada düşən təşey Hollandiya millisi və Hollandiya futboludur. Çünki bu ifadənin yaradıcıları hollandlardı. Total futbol o futbola deyilir ki, sən bütün komanda ilə hücum edib bütün komanda ilə müdafiə olunmağı bacarmalısan. Yəni komanda konkret olaraq bir ulduz futbolçudan aslı olmur. Ancaq total futbolu izləyənlər müdafiə futbolundan daha çox baxımlı, gözəl, rəngarəng oyunun şahidi olurlar. Həqiqətən də 1970-ci illərin ortalarından etibarən formalaşn bu oyun tərzi bütün dünyanı heyran qoydu. “Total futbol” anlayışı da ilk dəfə 1974-cü il Almaniyada keçirilən dünya çempionatından sonra məşhurlaşdı. Həmin mundialda Hollandiya millisi qeyri-adi oyun tərzi ilə rəqiblərindən seçilməyə başladı. Belə demək olarsa həmin Hollandiya millisi bir növü hazırkı “Barselona” idi. Yaxud belə deyək, hazırkı “Barselona” ötən əsrin 70-ci illərinin Hollandiya yığmasının xələfidir. Bəs “Total futbol” anlayışınının meydana gəlməsinin, bu sistemin dünya futboluna bəxş edilməsinin səbəbkarı kimdir? Rinus Mixels. Bu ad orta və yaşlı nəslin futbol azarkeşlərinə yaxşı tanışdır. Bəli, “Total futbol”un yaradıcısı məhz Mixelsdi. Qeyd etdiyimiz kimi, orta və yaşlı nəsl onu yaxşı tanıyır. Ancaq biz bu gün bu idahi məşqçi haqqında ətraflı söhbət açmaqla, onu gənc nəslə də tanıtmaq istəyirik. Beləliklə:
Tam adı və soyadı: Marinus Yakobus Hendirkus Mixels
Doğulduğu tarix və yer: 9 fevral 1928-ci il, Amsterdam, Hollandiya
Futbolçu ampluası: forvard
Oynadığı klub: "Ayaks" (Hollandiya, 1946-1958). 264 matçda 122 qol vurub.
Yığmadakı karyerası: Hollandiya millisinin heyətində 5 matç keçirib
Məşqçi karyerası: Amsterdamın YOS və AFK həvəskar klubları (1960-1965), "Ayaks"(1965-1971, 1975-1976), "Barselona" (İspaniya, 1971-1975, 1976-1978), Hollandiya yığması (1974, 1984-1988, 1990-1992), "Los-Anceles Asteks" (ABŞ, 1979-1980), "Köln" (Almaniya, 1980-1984), "Bayer" (Leverkuzen, 1988-1989).
Məşqçi karyerasındakı uğurları: Avropa çempionu (1988), dünya çempionatının gümüş medalçısı (1974), Avropa Çempionları Kubokunun sahibi (1971), Hollandiya çempionu (1966, 1967, 1968, 1970), İspaniya çempionu (1974), Hollandiya Kubokunun qalibi (1967, 1970, 1971), İspaniya Kubokunun sahibi (1978), Almaniya Kubokunun sahibi (1983).
"Narıncı Nassau" ordeninin cəngavəri və zabiti, Hollandiyada əsrin məşqçisi, Hollandiya Kral Futbol Assosiasiyasının cəngavəri. Futbola verdiyi töhfələrə görə UEFA medalı ilə təltif olunub. 2005-ci ilin martın 3-də dünyasını dəyişib.
FİFA versiyası ilə XX əsrin ən yaxşı məşqçisi, "total futbol" anlayışının banisi hollandiyalı Rinus Mixels ad gününü qeydə edə bilərdi. Lakin dünyasını dəyişmiş bu dahi çalışdırıcı məşhur olduğu qədər də bədbəxtdi. 1970-ci illərin əvvəllərində Mixels dünyaya sonradan "total futbol" adlanacaq inqilabi nəzəriyəni təklif etdi. Həmin nəzəriyəyə görə, komandanın oyunçuları yalnız öz birbaşa öhdəliklərini yerinə yetirməklə kifayətlənmir, meydanın istənilən yerində oynamağa hazır olurdular. Məsələn, cinah müdafiəçiləri cəsarətlə hücuma atılır, cinah forvardları isə bir qədər geriyə, müdafiəyə çəkilərək onları sığortalayırdılar. Özü də müdafiəçilərlə hücumçular ikinci işlərini eynən bilavasitə işləri təki effektiv və yaxşı yerinə yetirirdilər.
Rinus Mixelsə planlarını həyata keçirməyə 1970-ci illərin ilk yarısında Hollandiyanın parlaq futbolçu nəsli yardım etdi. Onlara isə Ruud Krol, Yonni Rep və Yohan Neeeskens liderlik edirdilər. Bu heyətdə "narıncılar" 1974-cü ilin dünya çempionatında sensasiya yaratdılar. Turnirdə ən maraqlı və baxımlı futbol nümayiş etdirsələr də, çempion titulu uğrunda həlledici matçda onlar yarışın ev sahibləri, praqmat almanlara 1:2 uduzdular. 4 il sonra Hollandiya yığması Mixels və Kroyff olmadan Argentinadakı dünya çempionatının finalına çıxdı. Bu dəfəsə "narıncılar" ev sahibi Argentinaya 1:2 məğlub oldular. Və məhz həmin matçdan sonra Mixels dünya futbolunun ən məşhur kəlamlarından birinə çevriləcək sözləri dedi: "Futbol - savaşdı!" Bu səbəbdən də Mixels dünya futbolunun ən bədbəxt məşqçilərindən biri sayıla bilər, çünki ən
populyar oyuna yeni nəzəriyyə verən, yetirmələrini iki dəfə dünya çempionatının finalına qədər yüksəldən bir çalışdırıcı komandanın çempion titulunu görə bilmədi. Halbuki Hollandiya yığması bu titula tamamən layiqdi.
1974-cü ilin dünya çempionatından sonra "General" ləqəbli məşqçi yığmanı tərk etdi, "Ayaks" və "Barselona" klublarını çalışdırdı. Fəqət mundiallardakı uğursuzluğun sanki içində nəyisə sındırdığı Mixels əvvəlki qələbələrini təkrarlaya bilmədi. Çempionlar Kuboku, Hollandiya Eredivizionu və İspaniya primerasında çempionluq da arxada qalmışdı. İş o yerə çatdı ki, Mixels Avropanı tərk edərək ABŞ-a yollandı, sonra isə Almaniyaya yollanaraq "Köln"ü çalışdırmağa başladı. İlk baxışdan belə görünürdü ki, məşqçi karyerasının son illərini işləyən Mixels az sonra təqaüdə çıxacaq. Hollandiya Kral Futbol Federasiyası isə belə düşünmədiyindən "General"a daha bir şans verdi və onu milli komandanın baş məşqçisi postuna qaytardı. Hollandiya yığmasının işləri isə o dönəmlərdə heç də yaxşı deyildi. Mixelsin gedişindən sonra "narıncılar" 1978-ci il dünya çempionatının finalında argentinalılara uduzdular, sonra isə qara günlər başlandı. Hollandiya DÇ-1982-in final mərhələsinə çıxa bilmədi, sonra da EURO-1984-dən kənarda qaldı. "General" problemləri dərhal həll edə bilmədi. Hollandiya yığması Meksikada keçirilən dünya çempionatına da düşə bilmədi. Seçmə qrupda 2-ci yeri tutan komanda qovşaq matçlarında ən qəvi rəqibləri olan Belçika yığmasına evdə 1:2, səfərdə isə 0:1 hesabıyla uduzdular. 1986-cı ildə Mixels ürəyində ağır cərrahiyyə əməliyyatı keçirdi. Həkimlər ona səhhəti ilə risk etməməyi məsləhət gördüklərindən çoxları Mixelsin məşqçilik karyerasını başa vuracağını düşünürdü. Lakin "General" vəzifəsində qaldı. "Hələ heç 60 yaşımda yoxdu, sizsə məni təqaüdə yollayırsınız!" - Mixels deyirdi. Onun bəxti yenə gətirdi. Van Basten - Qullit - Raykaardın parlaq triosunun başçılıq etdiyi yeni nəsil ulduzlar Hollandiyanı parlatdı. Mixels 1988-ci ildə komandaya Avropa çempionu titulunu qazandırdı. 1974-cü ildə olduğu təki dünya Mixelsin möhtəşəm taktika və planlarından danışanda çalışdırıcı Almaniyada zəfəri bayram edirdi.
1988-ci ildə Mixelsin 60 yaşı tamam olmuşdu. O il "dəmir Rinus" Hollandiyanın ilk və hələlik tək titulunu ölkəsinə qazandırdı. "Ən çox sevindiyim məqam holland futbolunu dünyaya məşhurlaşdırmaqdı. Əgər quyruğum olsaydı, onu yelləyərdim", - Mixels o vaxt zarafat edirdi. Triumfundan sonra bir neçə dəfə yığmaya qayıdan dahi məşqçi karyerasını 1992-ci ildə başa vurdu. Onun ürəyində təkrar cərrahiyyə əməliyyatı çalışdırıcını ölümün cəngindən ala bilərdi. Amma olmadı. Dünya futbol tarixində isə Gerbert Çepmenin "W" sistemi, Braziliya yığmasının 1958-ci il dünya çempionatında nümayiş etdirdiyi 4-2-4 sistemi ilə yanaşı, Mixelsin "total futbol"u qalasıdı. Çünki bu sistem, yəni futbolçuların universallığı, pressinq, oyun aritmiyası, süni oyundankənar vəziyyətlərdən istifadə sistemi futbol taktikasında əsl inqilabdı
Hazırladı Anar XANLAROV