İngiltərənin “Tottenhem” klubu koronavirus pandemiyasına görə yaranmış böhranla əlaqədar sabiq baş məşqçisi Maurisio Poçettinoya müraciət ünvanlayıb.

Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, ötən ilin noyabr ayında istefaya göndərilən 48 yaşlı mütəxəssis özünə yeni klub tapana kimi, London təmsilçisindən maaş almağa davam etmək şərtilə işindən ayrımışdı.

“Tottenhem” də məhz bu üzdən hazırda işsiz olan Poçettinodan maaşının bir hissəsindən imtina etməyi xahiş edib. Argentinalı məşqçinin üç köməkçisinə də də eyni tələblə müraciət olunduğu bildirilir.

Qeyd edək ki, Poçettino “Tottenhem”də ilinə 8,5 milyon funt-sterlinq qazanırdı.

İngiltərə mətbuatının yazdığına görə, “Tottenhem” rəhbərliyi indiki baş məşqçi Joze Mourinyo ilə də maaşında endirim etməklə bağlı müzakirə aparacaq. Lakin portuqaliyalı mütəxəssisin bu ideyaya müsbət baxmadığı da iddia olunur.