“Tottenhem”lə “Mançester Siti” Hacinin oğlunu istəyir
- 06 Apr 2020 14:20
- 845
Rumıniya futbolunun canlı əfsanəsi Goergi Hacinin oğlu Yanis Hacini transfer etmək istəyən Avropa nəhənglərinin sayı artır.
Rekord.az xəbər verir ki, artıq İngiltərənin “Tottenhem” və “Mançester Siti” klubları da 21 yaşlı hücumçu ilə maraqlanmağa başlayıb.
Bunu gənc futbolçunun meneceri Covani Bekali açıqlayıb:
“Tottenhem”in baş məşqçisi Joze Mourinyo, “Mançester Siti”nin idman direktoru Txiki Beqiristain mənimlə əlaqə saxlayaraq, Yanislə maraqlanıb. Haci böyük istedada və yaradıcılığa sahibdi. Digər çoxlu özəllikləri də var. Açığı, atasından daha cəlddi, ceyran kimi qaçır. Bu iki klubdan birinə keçəcəyi halda, daha da güclü futbolçu olmağa davam edəcək”.
Qeyd edək ki, müqavilə ilə Belçikanın “Genk” klubuna məxsus olan Yanis Haci, bu ilin yanvar ayında Şotlandiyanın “Reyncers” klubu tərəfindən icarəyə götürülüb. O, bu komandanın heyətində Avropa Liqası çərçivəsində çıxdığı 3 oyuna 2 qola, 1 məhsuldar ötürməyə imza atmaqla diqqətləri üzərinə çəkməyi bacardı. Şotlandiya klubu gənc futbolçunu 4.5 milyon funt-sterlinq ödəməklə transfer hüquqlarını da almaq şərtilə icarəyə götürüb.