Tovuz stadionunda avrokubok oyunu keçirmək üçün 800 min manat pul xərclənməlidir - ÖZƏL!
- 15:00
- 82
Bu mövsüm avrokuboklara ümid edən "Turan Tovuz" bu yarışlara vəsiqə qazanacağı halda, ev oyunlarını da doğma rayonda keçirmək istəyir.
Rekord.az xəbər verir ki, bunun üçün hazırlıqlara da başlanılıb.
Lakin bu, elə də asan proses deyil və arenanı avrokubok oyunlarını qəbul edəcək səviyyəyə gətirmək üçün heç də az olmayan məbləğdə işlər görülməlidir. Bunu saytımıza açıqlamasında Tovuz klubunun İdarə Heyətinin sədr müavini, klubun infrastruktur və maliyyə üzrə direktoru Əli Balakişiyev deyib: "Əsas stadionunla bağlı planlarımız qüvvədə qalır. Süni örtük təbii örtüklə əvəzlənəcək, qarşı tərəfdəki tribuna yenilənəcək. Amma bütün bu işlərə bazalarımız yekunlaşandan sonra başlayacayıq. Əsas stadionu sırf əsas komanda üçün nəzərdə tutmuşuq. Çünki təbii örtük olandan sonra biz meydançanı süni örtükdə olduğu kimi yükləyə bilmərik. Amma istənilən halda, bu mövsüm avrokuboklara vəsiqə qazansaq, ən azı ilk mərhələnin oyununu Tovuzda keçirmək istəyirik. Ona görə yeni binamızın açılışını yaxın 3-4 gündə həyata keçirib, dərhal stadionu FİFA kriteriyalarına uyğunlaşdırmaq yolunda işlərə start vcerəcəyik. Hazırkı süni örtük ilk mərhələnin oyunlarını qəbul etməyə imkan verir. Hətta qrup oyunlarını da oynamaq olar. Çünki hər il labarator testlər keçiririk və keyfiyyətinə əmin oluruq. Hətta ötən il öz hesabımıza mütəxəssis də dəvət etdik, Türkiyədən gəldi, testləri götürdü İsveçrəyə apardı və testlərin nəticəsi olaraq, bizə uyğunluq sertifikatı verildi. Amma xeyli digər infrastruktur məsələlər də var ki, həll olunmalıdır. Bizə təxminən 40-a yaxın çatışmayan kriteriya verdilər. Bilirsiniz ki, mən həm infrastruktur, həm də maliyyə işləri üzrə direktoram. Ona görə hesablatdırdım və məlum oldu ki, ilk təsnifat mərhələsinin oyununu Tovuzda keçirmək üçün 800 min manat pul xərclənməlidir. Bu hələ ilkin rəqəmdi. İş gedişində daha 100-150 min manatlıq əlavə xərclər yarana bilər. Amma inanıram ki, bütün işləri yaya kimi çatdıra biləcəyik, buna da şübhəm yoxdur. Əslində ikinci mərhələnin oyununu da burda keçirə bilərik. Yəni stadionu ona da hazırlaya bilərik. Sadəcə, ikinci mərhələyə artıq stadion olaraq yox, rayon olaraq hazır olmalıyıq. Orada logistika fian və s. tələblər var. Məsələn, əsas tələblərdən biri də üç 5 ulduzlu otelin olmasıdır. Təbii ki, bu, bizdən asılı olan məsələ deyil. Alınmasa II mərhələyə vəsiqə qazansaq, başqa stadionun xidmətindən istifadə edəcəyik. Açığı biz Gəncəni nəzərdə tutmuşduq, amma bilmirik, orda işlər avrokuboklara kimi başa çatacaq, ya yox. Başa çatmasa, yəqin ki, Bakıda oynayacayıq. Təbii ki, bunun üçün ilk növbədə avrokuboklara vəsiqə qazanmalıyıq. Amma qazanmasaq belə, həvəsdən düşməyəcəyik və yolumuza davam edəcəyik. Çünki istənilən halda, Allah əziyyət çəkən insanın mükafatını verir".